Sablya millimiz dünya kubokunda zəif çıxış edib

Fransanın Orlean şəhərində qadın sablyaçıların dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda millimizi Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacıları, Aysel Əhədova təmsil ediblər. Qızlarımız həm şəxsi, həm komanda yarışlarında qüvvələrini sınayıblar.

Adı ilk çəkilən təmsilçimiz şəxsidə qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Pley-offda almaniyalı Anna Limbaxı 15:10 hesabı ilə məğlub edən qılıncoynadan, növbəti mərhələdə Yunanıstan idmançısı Despina Georgidouya 8:15 hesabı ilə uduzub. O, 190 iştirakçı arasında 70-ci olub.

Qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Sevil Bünyatova da pley-offa vəsiqə qazanmağı bacarıb. Burada ilk görüşdə fransalı sablyaçı Amelia Aimeyə 15:10 qalib gələn sablyaçı, növbəti mərhələdə Rusiya idmançısı Valeriya Bolşakovaya 10:15 hesabı ilə uduzub. O, yekun sıralamasında 77-ci yerdə qərarlaşıb.

Şimallı idmançı Sevillə qarşılaşmazdan əvvəl pley-off mərhələsinin ilk görüşündə, qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanan Sevinci 15:8 hesabı ilə məğlub edib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən yalnız 1-ni qalib başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Yığmamız dünya kubokunda komanda yarışlarında da iştirak edib. 1/16 finalda Belarusa 37:45 hesabı ilə uduzan milli 18-ci olub.

Həmin kateqoriyadan