Şadon Vinçester: “Kəpəz”in tibbi heyətə inanıram

“Kəpəz”in əsas komandasının üzvü Şadon Vinçesterin durumu hər gün yaxşılığa doğru gedir. Allsport.az saytı xəbər verir ki, zədəli olduğundan bir müddət meydana çıxmayan hücumçu, tam sağaldığından məşqlərdə fəal iştirak edir, qarşıdakı oyunlara ciddi hazırlaşır. O, klub saytına açıqlamasında bunu deyib:

“Zədəli şəkildə oynamaq böyük risk deməkdir. Düzdür, bütün futbolçular kimi mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidir. Zədə alarkən, həkimlər vəziyyətin ciddi olduğunu bildirəndə, təbii ki, məyus olmuşdum. İdmanda zədələr qaçılmazdır. Tibbi heyətə inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdır”.

Şadon oyunlara çıxmaq üçün darıxdığını da sözlərinə əlavə edib: “Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdur. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam amma unutmaq olmaz ki, futbol kollektiv oyundur. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludur”.

Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatıla bilməmişdi. Vinçester bu məsələyə belə münasibət bildirib: “İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdur. Elə Azərbaycanda futbol oynamağım da bu anlamdadır. “Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük əhəmiyyət daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.

Həmin kateqoriyadan