“Şahdağ” bir pillə irəlilədi

Şənbə günü ölkə çempionatının yüksək dəstəsində yarışan kişi otüstü hokkey komandaları növbəti turun oyunlarını keçiriblər. Allsport.az saytı xəbər verir ki, ilk olaraq meydana “Şahdağ” (Qusar) və Sumqayıt şəhərinin  “Atasport”   klubları çıxıb.  Görüşün ilk dəqiqələrindən hücuma keçən Sumqayıt hokkeyçiləri elə ilk hücumdaca  Əli Nadirovun  vurduğu qol sayəsində hesabda irəli çıxıblar. 8 dəqiqədə sonra Əfqan Mahmudov “Atasport”-un üstünlüyünü 2 topa çatdırıb. Deyəsən Sumqayıt hokkeyçiləri qələbəyə vaxtından əvvəl arxayınlaşıblar. 9-cu dəqiqədə Elman Eldarov hesab arasındakı fərqi  minimuma endirə bilib. 19-cu dəqiqədə isə “Şahdağ”-ın hücumçusu bərabərlik qolunu vurub. Ancaq Qusar təmsilçiləri bununla da arxayınlaşmayaraq   birinci hissənin başa çatmasına 5 dəqiqə qalmış  Rövşən Şıxəliyevin Qusar hokkeyçilərinin fasiləyə üstün durumda yollanmasına şərait yaradıb. İkinci hissə başlayan kimi Cəbrayıl Cəbrayılov “Şahdağ”ın üstünlüyünü 2 topa çatdırıb. Bundan 15 dəqiqə sonra Yalçın Qayıbov daha 1 qol vuraraq  matçın 5:2 hesablı nəticəsini rəsmləşdirib.

Günün ikinci oyunu  yarışın lideri  – Bakının “Atasport”  və “Akkord”  komandaları arasında olub. Bu rəqiblərin  bir-neçə gün əvvəl baş tutan görüşündə 5:5 hesabı qeydə alındığından cari oyunun da gərgin keçəcəyinə şübhə doğurmurdu. Amma matçın 2-ci dəqiqəsində Əli Şahbaz hesabı açdıqdan və 3 dəqiqə keçmiş Xalid Səlimin hesabı 2:0-a çatdırması ötən illərin çempionu-“Akkord” komandasının işini xeyli çətinləşdirib. Bu hesab yalnız 25-ci dəqiqədə  dəyişmib “Akkord”un kapitanı Saleh Balamiyev hesab arasındakı fərqi minimuma endirib.

Həmin qoldan  3 dəqiqə keçmiş “Atasport”-un oyunçusu Butt Vaqas  fərqlənərək komandasını  2 top fərqlə irəli çıxarıb. Fasilə ərəfəsində “Akkord”un  “xilaskarı” Saleh Balamiyev yenidən hesab arasındaı fərqi minimuma endirib. Rəqiblər fasiləyə “Atasport”un -3:2. hesablı üstünlüyü ilə yollanıblar. İkinci hissə başlayan kimi “Akkord”un oyunçusu  Aqşin Əliyev matçda tarazlıq yaradıb. Ancaq, çempionumuz hesabı öz xeyrinə dəyişdirə bilməyib. Əvəzində “Atasport” hokkeyçiləri daha 3 qol vuraraq ( Elçin Babayev öz qapısına, Tofiq Muhamməd və Xalid Səlim). Görüşün son dəqiqəsində Telman Əliyevin vurduğu qol gərgin oyunun 6:4 hesablı nəticəsini müəyyənləşdirib.

Beləliklə, 11 görüşdən  29 xal toplayan “Atasport”(Bakı) sentyabrın 23-də keçiriləcək son turun oyunlarından asılı olmayaraq XIII Azərbaycan çempionatının qalibi olub. “Akkord” 21 xalla   II yeri rəsmləşdirib. “Şahdağ” komandası bu  günkü qələbədən sonra xal ehtiyatını 7-yə çatdıraraq, III pilləyə qalxıb.  Aktivində 5 xalı olan “Atasport”(Sumqayıt) isə yarış cədvəlinin sonuncu yerinə enib.

Yüksək dəstə komandaları arasında növbəti turun oyunları sentyabrın 23-də keçiriləcək. Təqvim üzrə həmin gün  saat 14.00-da Bakı və Sumqayıt şəhərlərinin   “Atasport”    komandalrı qarşılaşacaq.   Saaat 16.00-da isə   “Şahdağ” və “Akkord”  hokkeyçiləri görüşəcək.

 

Həmin kateqoriyadan