Şahin Diniyev: “Bu, “Kəpəz”in uğuru sayılır”

“Kəpəz”in iki illik fasilədən sonra yenidən Topaz Premyer Liqasında mübarizə aparması və bu dönüşün komandanın uğurlu çıxışı ilə əlamətdar olması azarkeşlər üçün sevindirici olmaya bilməz. Allsport.az xəbər verir ki, bu planda daha bir sevindirici məqam “sarı-göylər”in üzvlərinin müxtəlif yığma komandalara dəvət almasıdır.

Belə ki, Gəncə klubunun əldə etdiyi nəticələr milli məşqçilərinin komandaya diqqətini artırıb və bunun nəticəsidir ki, əsas komandanın 4 futbolçusu yığmalara çağırılır. Əsas milliyə Tərlan Quliyev və Rəşad Eyyubov, 21 yaşlı futbolçulardan ibarək komandaya isə Budaq Nəsirovla Azad Kərimov mütamadi dəvət olunur.

Buna kimi uzun müddət “Kəpəz”dən millilərə futbolçu çağırılmayıb və bu mövsüm təxminən 12-13 illik həsrətə son qoyulub. Bu işdə az əməyi olmayan “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında bundan sonra da yığmalara futbolçu verməyə çalışacaqlarını bildirib:

“Biz hələ ilk addımlarımızı atırıq və komandamızın futbolçuları milli komandalara dəvət alır. “Kəpəz”in yığmalara futbolçu verməsindən neçə illər keçib. Hazırda əsas komandanın 4 üzvü milliyə çağırılır. Əvəzedici komandamızdan isə bir oyunçu U-19-a dəvət olunub. Bu, “Kəpəz”in uğuru sayılır. Yolun başlanğıcında oyunçularımızın Azərbaycan yığmalarına cəlb olunması olduqca sevindiricidir. Mənə elə gəlir ki, zaman keçdikcə çempionat oyunlarında uğurla çıxış etməyimiz komandamızdan dəvət alanların sayını və onların meydanda oynama vaxtını da artıracaq. Futbolçuların özündən də çox şey asılıdır. Millinin baş məşqçiləri oyunçuları izləyir və göstərdikləri oyun onlar üçün yığmalara tramplin olacaq”.

Həmin kateqoriyadan