Seçmə mərhələ yarışları təşkil olunacaq

1–9 iyulda Azərbaycanın bütün bölgələrini əhatə edən ağırlıqqaldırma üzrə respublika yarışlarının 3-cü seçmə mərhələsi yarışları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyulun 1-2-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 5-6 iyul tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 8-9 iyulda isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar. İdmançıların çəkilməsi hər yarış günü səhər saat 09:00-da olacaqdır. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Həmin kateqoriyadan