LAYİHƏ
Serbiya voleybolçuları Avropa çempionluğuna əsas namizədlərdəndir

MBD ölkələri arasında qadın voleybolçuların ilk Avropa çempionatına ev sahibliyi edən Azərbaycan və Gürcüstan bu idman növündə tarixə düşdü. Əsas oyunlar ölkəmizdə keçirildiyindən, əsas diqqət Bakıya və Göygölə yönəldi. Əyalətdə təşkil olunan «D» qrupunda Serbiya, Niderland, Çex Respublikası və Belçika komandaları yer almışdı. Bu rəqabətdə adı ilk çəkilən yığma aşkar öncül sayılırdı. Rio-2016-nın gümüş mükafatçısı slavyanları və «narıncılar»ı 3:0, Belçika voleybolçularını 3:1 məyus edərək qrupda ilk yeri tutub. Yeri gəlmişkən, serblər 2011-ci ildə bu yarışın baş mükafatına sahib çıxıblar.

Bu qrupda 2-ci yeri Niderland yığması tutub. Onlar çexləri və belçikalıları 3:1 hesabları ilə yeniblər. Slavyanlar «sarı pələnglər»i 3:1 yenərək onları Bakıya, amma mübarizəni davam etdirməyə deyil, hava limanına yollayıblar.

Təşkilatçılığa gəlincə, Göygöl Olimpiya İdman Kompleksində yarış möhtəşəm keçdi. Biz heç özümüz bunun belə yüksək səviyyədə olacağını gözləmirdik. Arena 2000 tamaşaçı tutumuna malik idi. Azarkeş o qədər çox gəldi ki, bir oyun başa çatdıqdan sonra zaldakıları yola salır, növbəti görüşə yenilərini qəbul edirdik. Elə vəziyyət yaranırdı, kompleksdə yer olmadığından, çöldə xeyli voleybolsevər qalırdı. Bütün yığmaların məşqçi heyəti və kapitanları ümumi mənzərəyə «yaxşı» yox, «əla» dedilər.

Komandaların gücünə gəldikdə, Serbiya millisi Avropa çempionluğuna əsas namizədlərdəndir. Niderland seçməsi burda ilk məşqində orta oyunçusu Robin de Kruif zədələndi və sıradan çıxdı. Belədə, rəqib istədiyi oyunu göstərə bilmədi. Çünki 26 yaşlı voleybolçu hollandların önəmli üzvlərindəndir. Buna rəğmən, yenə düşünürəm ki, Serbiya və Niderland favorit olaraq qalırlar. Adı ilk çəkilən komandanın yarımfinalçı olacağını əminliklə söyləyə bilərəm. Hollandların zədəlisi qayıdarsa, onların da yaxşı imkanları var. Son gündə Robin artıq yeriməyə başlamışdı. Çexlərin pley-offda ələnəcəyini zənn edirəm. Belçika yığması isə, əvvəlki səviyyədə çıxış etmədi.

İlqar İmanquliyev, Göygöl

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan