Serbiyada “Synergy Baku”dan uğurlu başlanğıc

Ölkəmizin “Synergy Baku” kontinental komandası 2.2 kateqoriyalı “Tour de Serbia” veloyarışına inamla start verib. Allsport.az saytı xəbər verir ki, 21 kollektivin iştirak etdiyi yarışın 144 km-lik ilk mərhələsində Azərbaycan təmsilçisi vaxt göstəricisinə görə bütün rəqiblərindən üstün olub; komandamızın üzvü Yosip Rumaç isə mərhələnin ən yaxşı gənc velosipedçisi kimi təltif edilib.

Yarışın 106 km-dən ibarət 2-ci günündə isə Matiya Kvasina mərhələ qalibindən 6 saniyə geri qalmaqla finişi 3-cü keçib. Bu amil qoşaçarxçımıza ümumi təsnifatda 31 pillə irəliləməklə 2-ci yerə yüksəlmək imkanı verib. Komandamzın digər üzvlərinə gəlincə, Yannis Tamuridis 8-ci, Matey Müqerli 12-cidir.

2-ci mərhələ Matiya Kvasina üçün həm də ən yaxşı dağ velosipedçilərinin mübarizəsində ilk pilləyə yüksəlməyə və bu nominasiyada lider köynəyini ələ keçirməyə şərait yaradıb. Komanda hesabında isə “Synergy Baku” ən yaxın izləyicisini 20 saniyə qabaqlamaqla 1-ci pillədəki mövqeyini qoruyur.

Bu gün keçiriləcək 3-cü mərhələdə velosipedçilər 123,6 km məsafə qət etməlidirlər. 6 günlük yarışa iyunun 19-da yekun vurulacaq.

Həmin kateqoriyadan