Sergey Bezuqlı: Bu mövsüm uğursuzluğun səbəbi vardı

«Var gücümüzlə çalışacağıq ki, Bakı-2015-də medal qazanaq»

Bu mövsüm kanoeçilərimizə düşərli olmadı. Komanda formalaşdığı ildən bəri böyük arenalarda uğur qazanan millimiz, cari rəqabəti medalsız başa vuracaq. 2-nəfərlik qayıqda yığma kollektivin lideri Sergey Bezuqlı sabaha nikbin baxır. Allsport.az saytına müsahibəsində, titullu avarçəkən qələbələrin hələ qabaqda olduğunu deyib:

– Mincəçevirdə təlim-məşqlərimizi davam etdiririk. Hər şey qaydasındadır. Artıq yarışlar bitib. İndi növbəti mövsümün hazırlığına başlanılıb.

– 3 il ardıcıl mötəbər yarışlarda uğurla çıxış etdiniz. London Olimpiadasında medalı son saniyələrdə qaçırdınız. Amma bu mövsümdə nəsə alınmadı – Avropa və dünya çempionatında fərqlənə bilmədiniz. Bunun səbəbini nəcə izah edərdiniz?
– Həmişə qalib gəlmək olmur (gülümsəyir). Olimpiya oyunlarından sonra komandada dəyişiliklər baş verdi. Toparlanmaq üçün zaman lazımdır.

– Azərbaycan milli komandasına Maksim Ppokonenko ilə birgə qoşulmuşdunuz. Elə şanlı qələbələri də onunla tandemdə qazanmışdınız. London-2012-dən sonra tərəf müqabiliniz dəyişib. Bəlkə, bu amilin də çıxışınıza təsiri olub.
– Bəli, düzgün qeyd etdiniz. Maksimlə bir-birimizi yaxşı tanıyırdıq. Uzun illər birgə məşq etmişik. 2-nəfərlik qayıqda cütlük bir-birini lazımınca anlamalıdır. Yeni tərəf müqabilim Aleksey Kupin gəncdir. Onun 20 yaşı var. İlk anlar birgə çıxışda çətinlik vardı. İndi hər şey qaydasındadır. Bir-birimizi tamamlaya, sığortalaya bilirik.

– Gələn il kanoeçilərimizi ölkəmizdə ciddi sınaq gözləyir. Nə düşünürsünüz, tarixi oyunlarda fərqlənməyi bacaracaqsınız?
– İlk Avropa Oyunları bizim üçün vacib yarışlardandır. Ona görə, var gücümüzlə çalışacağıq ki, vəzifəmizin öhdəsindən gələk: Bakı-2015-də medal qazanaraq, Rio Olimpiadasına lisenziya verəcək dünya çempionatına düşək.

 

Həmin kateqoriyadan