SOCAR Azərbaycan mükafat yarışı tamaşaçılarını həftəsonu nələr gözləyir?

Bu həftəsonu keçiriləcək Formula1 SOCAR Azərbaycan qran-prisi çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən əyləncə zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Allsport.az saytı xəbər verir ki, aprelin 25-dən əyləncə zonasının qapıları tamaşaçıların üzünə açıqdır və proqram saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində isə bu zona saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Formula1 yarış proqramı

Sərbəst yürüşlərə aprelin 26-da start veriləcək. Birinci sərbəst yürüş saat 13:00-dan 14:30-dək, ikinci sərbəst yürüş 17:00-dan 18:30-dək, üçüncü sərbəst yürüş isə aprelin 27-də saat 14:00-dan 15:00-dək davam edəcək. Sıralanma turu aprelin 27-də saat 17:00-dən 18:00-dək keçiriləcək. Yarışa isə bazar günü – aprelin 28-də saat 16:10-da start veriləcək.

Formula2 yarışları

Formula1 təqvimində yer alan ölkələrin əksəriyyətində bu çempionatla paralel olaraq Formula 2 üzrə iki yarış keçirilir. Bakıda birinci yarış aprelin 27-də saat 12:00-dan 13:05-dək davam edəcək. İkinci yarış isə aprelin 28-də saat 13:10-da başlayacaq və 14:00-da başa çatacaq.

Axşam konsertləri

Hər il olduğu kimi bu il də Azərbaycan Qran-Prisinin yarış həftəsonunun axşam saatlarında dünya ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramları təşkil olunacaq. Aprelin 27-də “Baku Crystal Hall”da keçiriləcək açılış konsertində səhnəyə britaniyalı ulduz Cessi Cey çıxacaq. Aprelin 28-də isə amerikalı superstar Kardi B bağlanış konserti ilə çıxış edəcək.

“Bakı Şəhərinin Sədaları”

Formula 1 yarışı çərçivəsində ənənəvi gecə əyləncə proqramları bu il ilk dəfə olaraq “Bakı Şəhərinin Sədaları” adı altında təqdim ediləcək. “Elektra Events Hall”da dünyaca məşhur DJ-lər çıxış edəcəklər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, ertəsi gün Robin Şulz, ayın 28-də isə “Lost Frequencies” çıxacaq. Gecə keçirilən əyləncə proqramlarında iştirak etmək istəyən hər kəs bilet almalıdır. Biletləri şəhərin müvafiq kassalarında günlük 55 manatdan əldə etmək olar.

Avtoqraf və sual-cavab sessiyaları

F1 azarkeş zonasında yerləşən səhnədə hər gün saat 11:00 ilə 13:00 arasında müxtəlif vaxtlarda Formula 1 pilotlarının iştirakı ilə avtoqraf sessiyaları olacaq. Aprelin 26-da keçiriləcək avtoqraf sessiyalarında “Red Bull”, “Ferrari”, “Renault”, bir gün sonra “Racing Point”, “Alfa Romeo”, “Mercedes”, ayın 28-də isə “Williams”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotları iştirak edəcəklər. Yenə bu məkanda fərqli vaxtlarda Formula 1-də yeni pilotlar azarkeşlərin görüşünə gələcək və onların suallarını cavablandıracaqlar. 

F1 fanat zonası avtoidman həvəskarları və ailə üzvləri üçün müxtəlif əyləncə vasitələrinin olduğu ən maraqlı məkandır. Burada avtomobillərin şəkilləri və xatirə divarı yaddaşlarda silinməz izlər buraxacaq.

Azarkeşlər pit-stop və reaktiv yarışlarında və oyun zonasında F1 həyəcanını yaşayacaq, istirahət guşəsində isə dincələ biləcəklər. Uşaqlar üçün nəzərdə tutulmuş pit-stop isə rəsm sessiyaları üçün kiçik fanatları gözləyəcək.

Milli adət-ənənə, mədəniyyət və qonaqpərvərliyin şahidi olmaq istəyənlər Azərbaycan mədəniyyəti guşəsinə baş çəkəcəklər.

F1 həvəskarlarının böyük səbirsizliklə gözlədikləri an isə avtoqraf sessiyalarıdır. Bu sessiyalar zamanı F1 qəhrəmanları ilə üz-üzə görüşmək, avtoqraf almaq və foto çəkdirmək şansı olacaq.

Həmin kateqoriyadan