“Son dəqiqələrdə qol buraxmamaq üçün illərdir çalışırıq”

Avro-2016-nın seçmə qrup mərhələsində oktyabrın 13-də keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunub. Allsport.az saytı affa.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis yenə məsuluyyətdən qaçan açıqlaması ilə yadda qalıb:

 

“Xorvatiya yığmasının son dünya çempionatında Braziliya və Meksika milliləri ilə oyununu izləmişəm. Bu komanda İtaliya yığmasından heç də zəif deyil. 4 gün ərzində ikinci oyunumuzu keçirməliyik. Bizim üçün asan olmayacaq. İtaliya millisi ilə oyundan sonra cəmi 1 bərpa məşqi keçmək imkanımız olub. Xorvatiya yığmasının oyunçuları, bizim futbolçulardan fərqli olaraq, Avropanın məşhur klublarında oynayırlar. İtaliya millisi ilə oyunda iki kobud səhv etdik və İtaliya kimi rəqiblər belə səhvləri bağışlamır.

 

Hesab bərabərləşdikdən sonra daha dəqiq oynamalı və səhvə yol verməməliydik. Xal qazanmağımıza səhvlərimiz imkan vermədi. Standart vəziyyətlərdən və son dəqiqələrdə qol buraxmamaq üçün  illərdir çalışırıq. Bunun əsas səbəbi fiziki hazırlığın yetərli olmamasıdır. Bu çatışmazlıqla bağlı klublarda da müvafiq işlər görülməlidir. Sözsüz ki, hər bir oyundan əvvəl qələbə arzulayırıq. Amma mən reallığı unutmuram.

 

Çətin olacaq. Bununla belə, futbolda hər cür nəticə mümkündür. İtaliya millisi ilə oyun da göstərdi ki, bir az daha hücumameyilli oynaya bilsəydik, daha artıq təzyiq göstərməyi bacarsaydıq, nəticə qazana bilərdik. Standart vəziyyətlərdə daha diqqətli, rəqibə daha yaxın oynamalıyıq. Start heyətdə kimin oynayacağını dəqiqləşdirmək üçün axşamkı məşqi və sabah səhər tibbi personalın rəyini nəzərə alacağam, yalnız bundan sonra heyətlə bağlı dəqiq qərar qəbul edəcəyəm”.

Həmin kateqoriyadan