Sonda vurulan möhür – verilən cavab və 6 həlledici yenilgidən doğan sual

Bu günlərdə Rumıniyanın paytaxtı Buxarestdə U-23 dünya çempionatı keçirildi. Allsport.az saytı xəbər verir ki, yarışda çıxış edən milli komandalarımız ümumilikdə, 18 nəfərə 7 medal qazandı: yunan-Roma güləşində Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq) 2-ci, İslam Abbasov (87 kq) 3-cü yer tutdular; qadınlarda Elis Manolova (65 kq) gümüş mükafatla kifayətləndi; «sərbəstlər»də Şamil Zubairov (92 kq), Əli Rəhimzadə (65 kq) və Murad Süleymanov (86 kq) müvafiq olaraq 1 dəst medal qazandılar. Ötən illə müqayisədə, bu dəfə nəticə qənaətbəxş oldu. Polşada komandalar 5 «bürünc»ə sahiblənmişdilər. Sözsüz, 2 il davam edən maliyyə böhranı hər yaş qrupuna öz təsirini göstərib: indi cəmən 1 qızıl medal böyük uğur sayılır.

Karpatlarda düşündürücü məqam, həlledici görüşlərin əksəriyyətində yenilməyimizdir. Yeni qaydaya görə, təsəlliverici, 3-cü və final görüşləri növbəti gündə müvafiq olaraq, səhər, zöhr və axşam vaxtlarına təsadüf edir. Onacan güləşçilər boş qalırlar. Belədə, bəzilərində bu gərginlik, stress və psixoloji təzyiq yaradır ki, bizimkilər də həmin qəbildəndilər (Mariya Stadnik kimi təsrübəli güləşçimiz, hətta bunu etiraf edib). Murad Məmmədov, Kərim Cəfərov, Əli Rəhimzadə finalda, Orxan Nuriyev (97 kq), ötən eyni yarışın bürünc mükafatçısı Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (57 kq) 3-cü yer üçün tutaşmada yenildilər. Narahat doğuran digər səbəb, adları ilk 2 çəkilən və qız güləşçilərimizin böyük və ya quru hesablarla uduzmalarııdır.

Sərbəst güləşdə gənclərin dünya və Avropa çempionu Əfqan Xaşalovun (57 kq) 1/4 finada 2:12 hesabı ilə məğlub olaraq yarışı tərk etməsi də yaxşı hal deyil. Onun və bu dəfə nəticə göstərməyən digərlərinin enişinin səbəbi araşdırılmalı, onların üzərində düzgün işlənilərək yenidən cərgəyə qaytarılmalıdırlar. Bu yaş qrupunda digər çempionalar – İslam Abbasov, Orxan Nuriyev və Səbirə Əliyevanın da zəifləməsi yaxşı hal deyil. Onları hər məsul yarışa aparıb, hədəfə yetişinməyincə, daxilən sındırılmasına kimlər cavab verəcəklər? Diqqət çəkən 3-cü məqam, awf.az -ın yaydığı ilk heyətdə Elis Manolovanın olmaması və Nurməhəmməd Hacıyevin (97 kq) adının sonradan çıxarılmasıdır. Xülasə, Budapeştdə keçirilən ustalırın dünya çempionatından «klassiklər»in baş məşqçisi Şaban Donat üzü ağ çıxsa da, Buxarestdə «sərbəstlər»in baş məşqçisi Firdovsi Umudov borclu qalmadı, qızıla qızılla cavab verdi.

Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Bunun da əsas göstəricisi fərdin fiziki imkanları və ilk növbədə, gücü idi. Əslində, nüfuzunu itirməmək üçün mübarizənin əbədi həqiqəti olan güləşi federasiyası tam mənada istehza, qınaq və gülüş hədəfinə çevrilməsinə imkan verməməlidir.

K.HACI

Həmin kateqoriyadan