Stolüstü tennis üzrə ölkə çempionatına yekun vurulub

Şüa İdman Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər və rayonların yığma komandalarını təmsil edən 50-dən çox tennisçi qüvvəsinin sınayıb.

Çempionatın keçirilməsində əsas məqsəd perspektivli idmançıları aşkar etmək, yığma komandanın heyətini müəyyən etmək və stolüstü tennis idman növünün kütləviliyini artırmaq olub.

Turnirin bağlanış mərasimində çıxış edən federasiyanın baş katibi Səbuhi Mehdizadə yarış iştirakçılarına ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, digər sahələrdə olduğu kimi idmanda da əsaslı irəliləyişlərin olduğunu qeyd edib. Bu yaxınlarda ölkəmizdə ən reytinqli idmançıların iştirakı ilə keçirilən “Avropa Top-16” kubokunun təşkilati məsələlərin həm yerli, həm də əcnəbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirildiyini deyib. Federasiyanın qarşısında duran ən mühüm vəzifələrdən birinin yığma komandamızın apreldə Çində keçiriləcək dünya çempionatına və iyunda paytaxtımızda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlığına nail olmaq, idmançılarımızın bu turnirlərdə uğurlu çıxışını təmin etmək olduğunu bildirib.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq təşkil olunan yarışlar şəxsi, komanda, qoşa və qarışıq qoşa formatda keçirilib. Oğlanlar arasında keçirilən komanda yarışlarında “Bakı-I”, qızların yarışında isə “Sumqayıt-I” birinci yerə layiq görülüb. Oğlanların şəxsi yarışında Fərhad Əliyev, qızların yarışında isə çinli idmançı Denq Simenq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızların qoşa yarışlarda çinli idmançılar – Denq Simenq və Zou Çuyi cütlüyü, oğlanların yarışında isə Xəyal Həşimli – Sənan Əliyev cütlüyü birinciliyi əldən verməyib.

Qarışıq qoşa yarışlar Sənan Əliyev – Denq Simenq cütlüyü birinci yeri tutub.

Qaliblər gənclər və idman nazirliyinin və stolüstü tennis federasiyasının diplom və mükafatları ilə təltif olunublar.

Həmin kateqoriyadan