Şüa Hüseynov – 80!

Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının fəxri prezidenti Şüa Hüseynovun 80 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, bu münasibtlə yubilyardan müsahibə götürülüb. AAAF TV-nin əməkdaşı ilə söhbət zamanı mütəxəssisin həyat yoluna nəzər salınıb, ağırlıqqaldırmanın keçdiyini inkişaf yolu, dünəni və bu günü müzakirə edilib.

Azərbaycanda ağır atletika növünün inkişafında xüsusi əməyi olan Şüa Hüseynov 1939-cu il fevralın 27-də Gəncə şəhərində anadan olub. 15 saylı orta məktəbi bitirdikdən sonra Gəncə İnşaat Texnikumunda, 1958-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstiutunda, 1962-1967-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.
Şüa Hüseynov idman sahəsində bir mütəxəssis kimi 1955-ci ildən fəaliyyətə başlayıb və 1969-cu ilə qədər müxtəlif idman cəmiyyətlərində baş məşqçi işləyərək, 15 nəfərdən artıq idman ustası hazırlayıb. Bu illər ərzində o, bir idmançı kimi də müxtəlif uğurlar qazanıb.

Belə ki, 1955-1957-ci illərdə Gəncə şəhər çempionu, 1958-1965-ci illərdə Azərbaycan çempionu olub. Həmçinin 20-dən artıq respublika rekordu əldə edib. Bacarıqlı ağır atlet keçmiş SSRİ-nin müxtəlif miqyaslı yarışlarında mükafatalayiq yerlər tutub. Ağır atletika üzrə idman ustası olan Şüa Hüseynov 1965-ci ildə keçirilən İran İslam Respublikası və Azərbaycan yığma komandalarının yoldaşlıq görüşündə I yerə layiq görülüb.
1967-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (indiki ADBTİA) müəllim, baş müəllim kimi çalışıb. Təcrübəli mütəxəssis 1974-cü ildə elmlər namizədi, alimlik dərəcəsinə 1980-ci ildə dosent , 1994-cü ildə isə professor adına layiq görülüb. O, 1978-ci ildən ADBTİA-da “Ağır atletika və boks” kafedrasının müdiri vəzifəsində çalışıb.
1974-cü ildə Beynəlxalq Ağır atletika Federasiyasının qərarına əsasən beynəlxalq dərəcəli hakim adına layiq görülən Şüa Hüseynov 30 il ərzində bir çox beynəlxalq, Avropa, dünya birinciliyi yarışlarında ədaləti qoruyub. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında hakimlik edərək xüsusi mükafat alıb.

Şüa Hüseynov Bakı şəhər Ağır Atletika Federasiyasının sədri, 1967-1995-ci illərdə Respublika Ağır Atletika Federasiyasının (AAF) prezidenti kimi fəaliyyət göstərib, 1995-ci ildən isə federasiyanın fəxri prezidenti seçilib. O, AAAF prezidenti olduğu müddət ərzində respublikamızın ağır atletləri müxtəlif miqyaslı beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. 10 nəfərdən çox idmançımız keçmiş SSRİ, Avropa və dünya çempionatlarında mükafatalayiq yerlər tutub. 1967-ci ildə keçmiş SSRİ Xalqları

Spartakiadasında Azərbaycan komandası XVII yerə çıxdığı halda, 1986-cı ildə keçirilən analoji yarışda komandamız VI yeri tutub. Həmin spartakiadada 2 ağır atletimiz – Hafis Süleymanov və Rizvan Həsənov bürünc medala layiq görülüblər. Qeyd edək ki, Hafiz Süleymanov 1989-cu ildə SSRİ, Avropa və dünya çempionu titullarını qazanıb.
Ölkəmizdə idmanın inkişafında və pedaqoji kadrların hazırlanmasında xüsusi nailiyyətlərinə görə, Şüa Hüseynova Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adı verilib.
1991-ci ildən Milli Olimpiya Komitəsinin üzvü seçilən Şüa müəllim 50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən bir qismi tədris və tədris-metodiki vəsaitdir. Dəyərli əsərlərin müəllifi olan professor Ş.Hüseynov Əməkdar müəllim fəxri adını daşıyır. Respublikamızın idman mütəxəssisləri bu əsərlərdən istifadə edirlər. 2001-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə Şua Hüseynov “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Ağır Atletika Federasiyası Şüa Hüseynovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı azulayır!

Həmin kateqoriyadan