Sübhan Əliyev: Ruslan Abışov öncə “Neftçi”yə, sonra da “İnter”ə xəyanət edib

“Ruslan Abışovun transferinə qarşıyıq. Onu yenidən “Neftçi”nin formasında görmək istəmirik”. Allsport.az saytı xəbər verir ki, bunu apasport.az-a “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev deyib. Azərbaycan millisinin üzvü Ruslan Abışovun “İnter”dən “Neftçi”yə keçməsi birmənalı qarşılanmayıb. Xüsusən də, “Forza Neftçi” fan-klubu bu keçidi qətiyyətlə pisləyir. Məsələ ilə bağlı danışan Sübhan Əliyev 29 yaşlı oyunçunu heç vaxt qəbul etməyəcəklərini vurğulayıb:

“Ruslan Abışov 2012-ci ildə “Xəzər Lənkəran”ın 1,2 milyon dollarlıq təklifini qəbul edib qaçdı. “Neftçi”ni sevsəydi, döyüş vaxtı atıb getməzdi. O, Messi də olsa, “Neftçi”yə qayıtmasını istəmirik. Necə ki, Araz Abdullayev o vaxt azarkeşi söydüyü üçün bağışlanmadısa, Abışovu da “Xəzər Lənkəran”a keçməsinə görə bağışlamırıq. “Neftçi”də oynasa da, azarkeş tərəfindən sevilməyəcək. Bizim üçün onun varlığı ilə yoxluğu bilinməyəcək. Bizi pis gündə dəyişib əzəli rəqibə keçən oyunçu ilə barışa bilmərik”.

Fan-klub rəhbəri Ruslan Abışovu sadiq olmamaqda günahlandırıb. Onun fikrincə, təcrübəli oyunçu indi də “İnter”i pis vəziyyətdə qoyub: “Neftçi”də Zaur Tağızadə, İqor Getman olub, vaxtilə Anatoli Banişevski kimi futbolçu çıxış edib. Sadiqliyi onlar göstəriblər. Bunu 20 illik tribuna təcrübəmə əsasən deyirəm. Yaxşı yadımdadır, Zaur Tağızadəyə “Xəzər Lənkəran” böyük pullar təklif elədi, amma o, getmədi. “Xəzər Lənkəran” da başa düşdü ki, əzəli rəqibdir, arada prinsipiallıq var.

Flavinyo da “Neftçi”də 300 minə oynayırdı. Ruslan Abışov, sadiq idinsə, elə onda qalardın da. Belə olsaydı, indi kapitan kimi komandanı meydana çıxarırdın. İndi də “İnter”ə zərbə vuraraq gəlirsən. “İnter”in transfer qadağası var. Sadiq oyunçu belə vəziyyətdə komandasını atmaz. Sən “Qəbələ”də də, “İnter”də də qol vuranda formanın üzərindəki gerbi öpmüsən. Yəqin ki, indi yaxşı pul müqabilində gəlir”.

Həmin kateqoriyadan