“Sumqayıt”ın müşahidə şurasının sədri: 2-ci dövrədə daha çox xal toplayacağımıza inanıram

“Sumqayıt” klubunun müşahidə şurasının sədri Abdulla Məmmədov iclas keçirib. Allsport.az saytı xəbər verir ki, o, toplantıdan sonra komandanın rəsmi saytına müsahibə verib:

– Müşahidə Şurasının bugünkü iclasında hansı məsələlər müzakirə olunub?
– Bildiyiniz kimi, bu gün “Sumqayıt” klubunda Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq, şuranın tərkibindəki dəyişiklik barəsində üzvlərə məlumat verilib. Belə ki, öz istəyi ilə şuradan ayrılan Elgin Həbibullayevin əvəzinə bu vəzifəyə təsisçilər tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini, eyni zamanda şəhərimizin idman, gənclər və təhsil kimi mühüm istiqamətlərə nəzarət edən Teymur Səmədov dəvət olunub. Biz şura olaraq, Teymur müəllimə uğurlar arzulayırıq və ümid edirik ki, o, bizim klubumuzun inkişafında öz xidmətləri ilə seçiləcək və əməyini əsirgəməyəcək. Elgin müəllimə də, göstərdiyi hər bir köməkliyə görə təşəkkürümüzü bildiririk ona gələcək işlərində müvvəffəqiyyətlər arzulayırıq. Biz hesab edirik ki, Müşahidə Şurası klubumuzun inkişafı üçün çox faydalıdır. İclasda müzakirə olunan digər məsələ isə “Sumqayıt” Futbol Klubunun Premyer Liqanın 2016/2017 mövsümünün ilk dövrəsindəki çıxışı olub.

– Şura “Sumqayıt”ın ilk dövrədəki çıxışını necə dəyərləndirib?
– Ümumi nəticəyə nəzər salsaq, bunu qənaətbəxş hesab etmək olar. Lakin düşünürük ki, komanda ilk dövrədə daha çox xal toplaya bilərdi. Düzdür, “Sumqayıt” səfərdə “Zirə” və “Neftçi” kimi güclü komandaları məğlubiyyətə uğratmağı bacarıb. Amma doğma meydanda qələbə qazanmamağımız isə çox üzücüdür. Azarkeşlərimiz bizdən daim qələbə gözləyir. Gördüyünüz kimi, hər oyunumuzda stadion tam dolur. Bu səbəbdən komanda özündə güc tapıb bu azarkeşləri, bu şəhəri sevindirməyə borcludur. İnanmaq istəyirik ki, ikinci dövrədə komanda daha çox xal toplayacaq və ən əsası bu azarkeşləri, bu şəhəri öz qələbələri ilə sevindirəcək .

– 8 komandalı Premyer Liqada legionersiz mübarizə aparmaq çətin deyilmi və yaxın gələcəkdə əcnəbi futbolçuların kluba cəlb olunması gözlənilirmi?
– Qeyd edim ki, “Sumqayıt” 2010-cu ildə təsis edilib və 2011/2012 mövsümündən etibarən Premyer Liqada mübarizə aparır. Bizim əsas strategiyamız milli komandalar üçün futbolçu yetişdirməkdir. Düzdür, legionersiz Premyer Liqada mübarizə aparmaq heç də asan məsələ deyil. Amma biz hər şeydən əvvəl millinin mənafeyini ön planda tuturuq və yerli futbolçuların inkişafına çalışırıq. Bundan başqa, biz ölkə xaricində çıxış edən Azərbaycan əsilli futbolçuları komandaya cəlb edirik ki, bu da öncədən tutduğumuz siyasətin bir hissəsidir. Məhz bu strategiyanın bəhrəsidir ki, biz milli komandalarımıza kifayət qədər futbolçu vermişik. Sadə bir misal çəkməklə söylənilənləri təsdiqləyə bilərik. Məsələn, milli komandamız son iki qarşılaşmada maksimum nəticə qazanmaqla bizləri sevindirməyə davam edir. Yığmamızın heyətində çıxış edən Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Səlahət Ağayev, Ruslan Qurbanov, Ağabala Ramazanov və başqaları məhz “Sumqayıt” FK-dakı uğurlu çıxışları ilə bu pilləyə gəlib çıxıb. “Sumqayıt” daim yığma komandalarımız üçün çalışacaq.
Qaldı ki legioner məsələsinə, komanda ən azı bu mövsümün sonuna qədər də bu xətt üzrə davam edəcək.

– 2013-cü ildən bəri “Sumqayıt” yeni inşa olunmuş “Kapital Bank Arena”da ev oyunlarını keçirir. Lakin 1 meydançanın olması və bütün yaş qruplarının həmin stadionda hazırlaşması vəziyyəti qəlizləşdirir. Yaxın gələcəkdə klub üçün əlavə meydançaların salınması gündəmdədirmi?
– Son 5 mövsümdə Premyer Liqada mübarizə aparan “Sumqayıt” maliyyə və əməkhaqqı baxımından ölkənin ən stabil klubları sırasındadır. Eyni zamanda Klubun təsisçisi, baş sponsoru “Azərikmiya” İB və klubun iki güclü portnyoru “Kapital Bank” və “Paşa Həyat Sığorta” sayəsində bu stabilik qorunur. Lakin ümumilikdə götürsək, bizim imkanlarımız və büdcəmiz infrastrukturun yaxşılaşdırılmasına imkan vermir. Biz bunu dərk edirik. Məhz bu səbəbdən əlavə sponsorların cəlb olunmasına çalışırıq. Həqiqətən peşəkar klub üçün bir meydançanın olması yaxşı hal deyil. Eyni zamanda da bir meydançanın bu qədər yüklənməsi yaxın zamanda ot örtüyünün sıradan çıxması ilə nəticələnə bilər. Bu da bizi narahat edən amillərdəndir. İnanmaq istərdik ki, qısa zaman kəsiyində həmin problem aradan qalxacaq və 350 minlik şəhərin bir və ya daha çox meydançası futbolçuların ixtiyarına veriləcək.

– Məlum olduğu kimi, Premyer Liqa klublarında ilk Müşahidə Şurası “Sumqayıt”da yaradılıb. Ümumilikdə götürsək, Müşahidə Şurası klub üçün nə deməkdir?
– Bəli, Premyer Liqa klubları sırasında ilk Müşahidə Şurası 2014-cü ildə “Sumqayıt”da yaradılıb. Bildiyiniz kimi, klubumuzda strukturlaşmış icra aparatı mövcuddur. Eyni zamanda Müşahidə Şurası icra aparatının işini mütəmadi olaraq izləyir, görülən işləri qiymətləndirməklə yanaşı, onların üzləşdiyi mövcud problemlərdə köməklik göstərir. Biz şura olaraq, klubun ümumi inkişafı üçün vacib amillərdən olan inzibati, maliyyə və təşkilatı kimi məsələlərdə onlara dəstək oluruq. Əminliklə söyləmək olar ki, Müşahidə Şurası klubun indiki və gələcəkdəki həyatında mühüm yer tutacaq.

Həmin kateqoriyadan