“Synergy Baku” “Tour d’Azerbaïdjan-2016″nın qalibi oldu

2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşü Azərbaycanın “Synergy Baku” komandasının çempionluğu ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçılarımız ümumi komanda hesabında bütün rəqiblərini qabaqlamaqla, ötən il olduğu kimi, bu dəfə də azarkeşlərə çempionluq sevinci yaşadıblar.

Start və finiş nöqtəsi “Azadlıq Meydanı”nda olan, paytaxt küçələri ilə keçirilən və 158 km-dən ibarət sonuncu, 5-ci mərhələ öncəsi Avstriyanın “Felbermayr – Simplon Wels” klubuna 1 dəqiqə, 21 saniyə uduzan “Synergy Baku”nun əla komanda işi yekunda öz nəticəsini verib. Velosipedçilərimiz nəinki geriliyi aradan qaldırıblar, hətta yekunda “Felbermayr – Simplon Wels”i 7 dəqiqə, 14 saniyə qabaqlamağı da bacarıblar.

Fərdi nəticələrə gəlincə, marşrutu 3 saat 41 dəqiqə 46 saniyəyə başa vuran Almaniyanın pro-kontinental “Bora-Argon 18” klubunun üzvü Mikael Şvarzman finişi 1-ci keçib. İsveçrənin pro-kontinental “Roth” komandasının nümayəndəsi Alberto Çeççin 2-ci, Avstriyanın “Felbermayr – Simplon Wels” klubunun velosipedçisi Daniel Şorn isə 3-cü yeri tutub.

“Synergy Baku”nun üzvlərinə gəlincə, mərhələ qalibi ilə eyni vaxt göstəricisinə malik Maksim Averin finişi 4-cü, Matey Müqerli 8-ci, Yannis Tamuridis isə 9-cu keçib. 5 mərhələnin yekununa əsasən, ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini Avstriyanın “Felbermayr – Simplon Wels” klubunun üzvü Markus Eybeger qazanıb. Bu siyahıda “Synergy Baku” üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 14-cü, Matey Müqerli isə 17-ci yeri tutub.

Ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR köynəyinə Avstriyanın “Felbermayr – Simplon Wels” klubunun üzvü Daniel Şorn yiyələnib. Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə sahib çıxıb. Yaponiyanın ” Bridgestone” klubunun üzvü Tomas Lebas ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AzAL”köynəyini qazanıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan AzVİF köynəyini isə yığma komandamızın üzvü, Azərbaycanı Rio-2016-da təmsil edəcək Maksim Averin qazanıb.

Qaliblərə mükafatları mübafiq olaraq, AVİF-in və AVB-in vitse-prezidentləri Sahib Ələkbərovla Aleksandr Qusyatnikov təqdim ediblər. “Synergy Baku” “Tour d’Azerbaïdjan-2016” veloyürüşündə Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Yannis Tamuridis və Kiril Pozdnyakovdan ibarət heyətlə mübarizə aparıb.

Həmin kateqoriyadan