“Synergy Baku”nun təqdimat mərasimi keçirildi

Mayın 6-da “Synergy Baku” kontinental IMG_8247velosiped komandasının “Tour de Azerbaidjan-2014” veloyürüşü üçün təqdimat mərasimi və mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ənənəvi təşkil olunan yarışın əhəmiyyətindən danışıb.

O bildirib ki, artıq 3-cü dəfə keçiriləcək veloyürüşün bu dəfə səviyyəsi daha da artıb. “Tour de Azerbaidjan” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyası üzrə olacaq: “Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i burada iştirak edir. Həmçinin, “Tour de France”nin 2, “Vuelta” veloyürüşünün 1 qalibi veloyürüşə qatılacaq. Bütün bunlar sübut edir ki, turun səviyyəsi yüksəkdir”.

Ələkbərov sabiq SSRİ-də kifayət qədər tanınmış həmyerlimiz Aleksandr Averin və 2008-ci il “Tour de France”in qalibi olmuş ispaniyalı Karlos Sastrenin yarışda fəxri qonaq kimi iştirak edəcəyini diqqətə çatdırıb. O bildirib ki, veteran velosipedçimizin oğlu Maksim artıq “Synergy Baku”nun üzvüdür: “Azərbaycan vətəndaşı olan Maksim Averinin komandamıza böyük faydası dəyəcəyinə inanıram”.

Vitse-prezident mayın 7-11-də baş tutacaq veloyürüşdə komandamızın və velosipedçilərimizin hədəflərini də açıqlayıb. Federasiya rəsmisi bildirib ki, hər bir idmançımızın qarşısına Azərbaycanı layiqincə təmsil etmək tapşırığı qoyulub: “Synergy Baku” son 1 ildə Azərbaycanı uğurla təmsil edib və idmançılarımız 15 dəfə fəxri kürsüyə qalxıb. Bunlar hamısı müsbət nəticələrdir. Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir”.

Ələkbərov komandanın 6 üzvündən 3-ünün azərbaycanlı olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, federasiya bununla kifayətlənmək fikrində deyil: “Velosipedçilərin daha da inkişaf etməsi üçün çalışırıq. Düşünürəm ki, idmançılarımız həm 2015-ci ildə Bakıda olacaq Avropa Oyunlarında, həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Yay Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklər”.

Turun texniki direktoru Albrext Reder artıq Azərbaycanın bu yarışı təşkil etməsində böyük təcrübə topladığını və bu dəfə də yüksək səviyyədə keçəcəyinə inandığını vurğulayıb. O yarışın statusunun artmasını və “Tour de Turkey”lə eyni vəhdət təşkil etməsini federasiyanın əməyi kimi qiymətləndirib: “Azərbaycana çox güclü komandalar və velosipedçilər gəliblər. Dünyanın 22 ölkəsindən 25 komandanın heyətində 150 idmançı mübarizə aparacaq. Ən çox velosipedçi Avstraliyadan gəlib. Onlar yarışda 15, İtaliya və Rusiya 12 idmançı ilə təmsil olunacaqlar. Həmçinin 2012-ci və 2013-cü ilin qalibləri də buradadır”.

Onun sözlərinə görə, yarışın kateqoriyasının qalxmasında Azərbaycanda yarışların yüksək səviyyədə təşkil olunması böyük rol oynayıb: “6 həftə öncə UCİ mütəxəssisləri Azərbaycana gəldilər və işlərin gedişi ilə tanış olduqdan sonra səviyyənin qalxmasını təsdiq etdilər”.

Ardınca “Synergy Baku” komandasının təqdimat mərasimi olub. Klubumuzun üzvlərindən Elçin Əsədov bildirib ki, hədəfi ən azı bir mərhələnin qalibi olmaqdır: “Belə yüksək səviyyəli yarışın ölkəmizdə olacağı 3-4 il öncə xəyallarıma da gəlməzdi. Məqsədim mərhələlərdən birində fəxri kürsüyə qalxmaqdır və bunun üçün çalışacam”.

Onun komanda yoldaşı Samir Cəbrayılov da gənc velosipedçilər nəslinin yetişdiyini və “Synergy Baku”nun uğurlu çıxışına inam ifadə edib.

Maksim Averin nəticələrini ilbəil yaxşılaşdırdığını və Bakı təmsilçisinin uğurları üçün çalışacağından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, komandamızın uğuru üçün bütün gücünü ortaya qoyacaq.

Azərbaycanın sabiq SSRİ dönəmində ən tanınmış velosipedçisi Aleksandr Averin də yarışı yüksək qiymətləndirib və komandamıza inandığını deyib. O oğlunun da yarışda layiqincə iştirakına inanır.

“Synergy Baku”nun idman direktoru Ceremi Hant yaxşı volesipedçilərimizin olduğunu və veloyürüşə yaxşı hazırlaşdıqlarını söyləyib. Onun sözlərinə görə, komandamızdan ümidverici nəticələr gözləyirlər.

Qeyd edək ki, yarışın 1-ci mərhələsi sabah saat 10:30-da Dövlət Meydanı Bayrağından start götürəcək və Sumqayıt şəhərində başa çatacaq.

Həmin kateqoriyadan