“Synergy Baku”nun üzvü Çin yürüşündə 2-ci olub

Çin Xalq Respublikasında 2-ci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşünün 4-cü mərhələsi Azərbaycanın “Synergy Baku” klubu üçün uğurlu nəticə ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, komandamızın üzvü Matey Müqerli kifayət qədər ağır dağ yolları ilə yadda qalan 147 km-lik marşrutu 2-ci pillədə başa vurub.

Məsafəni 4 saat 1 dəqiqə 51 saniyəyə qət edən velosipedçimiz mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da, hər şeyi fotofiniş həll edib. Qeyd edək ki, “Synergy Baku” nüfuzlu yarışa 7 velosipedçi ilə başlasa da, onlardan ikisi – Yannis Tamuridis və Kiril Pozdnyakov 1-ci mərhələnin finişinə 2 km qalmış yola piyada çıxması nəticəsində baş verən toqquşmada zədə almış və yarışı yarımçıq bitirmək məcburiyyətində qalmışdı.

4-cü mərhələdə isə daha bir təmsilçimiz – Yosip Rumaç zədələnib və belədə “Synergy Baku” Çin yarışında mübarizəni 4 nəfərlə – Matey Müqerli, Elçin Əsədov, Samir Cəbrayılov və ölkəmizi Rio-2016-da təmsil edəcək Maksim Averinlə davam etdirəcək. 13 mərhələdən ibarət “Tour of Qinghai Lake” yürüşünə iyulun 30-da yekun vurulacaq.

Həmin kateqoriyadan