“Təhsil” RİM-in açıq birinciliyi keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında trek velosipedi üzrə açıq birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, respublika velotrekində klub və cəmiyyətlərin 100-ə yaxın üzvü iştirak edib.
 
 15 yaşadək qızların 1 km məsafəyə fərdi ötüşmə yarışında 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Gülşən İsmayılova bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Mehran Əhmədzadə fəxri kürsün ən yüksək pilləsinə qalxıb. U-17 yaş kateqoriyasında qızlar arasında Elfanə Camalova, oğlanlar arasında isə Nikita Sitov hamıdan güclü olub. Adları çəkilən idmançılar Respublika Olimpiya Velosiped Məktəbini təmsil edir.
 
17 yaşadək qızların 5 km məsafəyə dairəvi qrup ötüşməsində 7 saylı Olimpiya Məktəbinin yetirməsi Lalə Əbdürəhmanova bütün rəqiblərindən güclü olub. Nikita Sitov isə fərdi ötüşmədən savayı, 8,5 km məsafəyə qrup ötüşməsində də çempionluq sevinci yaşayıb.
Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Həmin kateqoriyadan