Taekvondo federasiyasının rəhbərliyi olimpiyaçılarımızla görüşüb

Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında iştirak etmək üçün oktyabrın 4-də yola düşəcək nümayəndə heyətində yer alan 2 taekvondoçumız artıq təlim-məşqlərini başa vurub. Allsport.az saytı xəbər verir ki, Argentinaya yola düşməzdən əvvəl ATF-də ölkəmizi bu oyunlarda təmsil edənlərlə görüş keçirilib.

Toplantıda vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, eləcə də oyunlarda ölkəmizi təmsil edəcək gənclər arasında sonuncu dünya çempionu Cavad Ağayev və Minayə Əkbərova iştirak ediblər.

Söhbət zamanı Nancinq-2014-də keçirilmiş Yeyni oyunlarında taekvondoçumuz Səid Quliyevin qızıl medal qazandığını xatırladan Nağı Səfərov bu dəfə də eyni uğurun təkrar olunacağına inandığını deyib.

İdmançı kimi qazanılan təcrübəsini taekvondoçularla bölüşən Niyaməddin Paşayev də məşqçilərə və onların yetirmələrinə uğurlar arzulayıb.

Buenos-Ayresdə təşkil olunacaq olimpiadada Cavad Ağayev 63, Minayə Əkbərova isə 44 k-da mübarizə aparacaqlar. Beşgünlük taekvondo yarışlarına oktyabrın 11-də yekun vurulacaq.

Həmin kateqoriyadan