Taekvondoçularımız lisenziya xarakterli təsnifat turnirinə qatılacaq

Azərbaycan taekvondoçuları Rio-2016-ya lisenziya xarakterli təsnifat turnirində iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, yanvarın 13-də İstanbula yollanacaq komandamız turnirdə 3 idmançı ilə təmsil olunacaq. Bu sınaq millimizə Yay olimpiya oyunlarına növbəti 3 lisenziyanı qazanmaq imkanı verir.

Yarışda baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət yığma komandanın üzvü Milad Beigi Hərçəqanı 80 kq-da ölkəmizi təmsil edəcək.
Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin komandasından Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.

Avropa Taekvondo İttifaqının və Türkiyə Taekvondo Federasiyasının təşkilatçılığı ilə yanvarın 16-17-də keçiriləcək qitə təsnifat turnirində hər çəki dərəcəsi üzrə finala yüksələn idmançılar Olimpiya Oyunlarına vəsiqəni təmin edəcəklər. Ona görə də bu turnir taekvondoçularımızın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli komandanın digər üzvü, dünya və Avropa çempionu, birinci Avropa Oyunların qalibi Radik İsayev 87 kq-da dünya reytinq siyahısında tutduğu yer sayəsində artıq lisenziya əldə edib.

ATF-in vitse-prezidentləri Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə İstanbula yola düşəcək seçmə komanda yanvarın 18-də Vətənə qayıdacaq.

Həmin kateqoriyadan