Taekvondoçumuz Avropa çempionatının qızıl medalını qazandı

İsveçrədə keçirilən taekvondoçuların Avropa çempionatının 3-cü günü də Azərbaycan millisi üçün düşərli olub. Allsport.az saytı xəbər verir ki, Ölkəmizi Rio-2016-da təmsil edəcək Milad Beigi Hərçəqani (80 kq) əvvəlcə serbiyalı İvan Karajlovic (13:0), sonra britaniyalı Lutalo Muhammad (13:1) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə polşalı Pyotr Pazinskini (16:4) məğlub edən idmançımız, həlledici görüşdə türkiyəli Yunus Sarıya (5:0) qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb.

Digər idmançılarımızdan Səid Quliyev (74 kq) 1-ci, Ramin Əzizov (80 kq), Namaz Heydərov (74 kq), eləcə də Rio olimpiadasında iştirak edəcək Fəridə Əzizova (67 kq) 2-ci, Yarpaq Əriş (62 kq) 3-cü döyüşdə mübarizəni dayandırıblar.

Xatırladaq ki, millimizin heyətində Patimat Abakarova (53 kq) dünən Avropa çempionatının gümüş medalına yiyələnib. Mayın 22-də başa çatacaq yarışda 17 idmançı ilə təmsil olunuruq.

Həmin kateqoriyadan