Tahir Gözəl: “Mən hesab edirəm ki, bu dəfə də Avropa klubları üçün çətin komanda olacağıq”

Azərbaycan premyer liqasının 26-cı turunda “İnter”i məğlub edən “Qarabağ” komandası ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, qələbə sevincindən sonra klubun vitse-prezidenti Tahir Gözəl KİV nümayəndələrinin suallarını cavablandırıb:

– “Qarabağ” bu gün ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirdi. Fikirləriniz necədir?

– Bəli, “Qəbələ”nin Gəncədəki sürpriz məğlubiyyəti bizim çempion olmağımıza gətirib çıxardı. Düzü, Gəncədəki hesab mənim üçün sürpriz oldu, belə olacağını gözləmirdim. Bu gün möhtəşəm qələbə ilə çempionluğumuzu bayram elədik. Buna görə çox şadam. Başda ölkəmizin prezidenti İlham Əliyevi, xalqımızı və bütün “Qarabağ” sevərləri təbrik edirəm.

– Yəqin ki, bu dəfəki hədəfiniz də Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Necə düşünürsünüz, bunu bacarmaq olar?

– İnşallah. Biz bütün fürsətlərdən istifadə edəcəyik. Qurban Qurbanova bu yolda uğurlar arzu edirəm. Yəqin ki, baş məşqçimiz transfer məsələləri ilə məşğul olacaq. Ümid edirəm ki, komandamıza uyğun futbolçular tapa biləcəyik.  Mən hesab edirəm ki, bu dəfə də Avropa klubları üçün çətin komanda olacağıq.

– Təbii ki, əvvəlki çempionluqlar da çətin olmuşdu. Bu dəfəki çempionluğun daha çətin olduğunu düşünmürsünüz?

– Doğrudur. “Qəbələ” bu mövsüm həqiqətən də möhtəşəm idi. Klublarımızın belə oyun göstərməsi bizə avrokuboklarda çox köməklik edəcək.

– Bir vaxtlar “Qarabağ”da aşağı yaş qrupları üzrə komandalardan yaxşı futbolçular üzə çıxdı. Amma son vaxtlar bunun şahidi olmuruq. Gələcəkdə aşağı yaş qrupları üzrə komandalara daha da ciddi önəm vermək fikrində deyilsiniz?

– Mən belə düşünmürəm. “Qarabağ”ın bütün komandalarında işlər gedir. Bizim çox istedadlı futbolçularımız var, bunu baş məşqçimiz Qurban Qurbanov da bilir. Əminliklə deyə bilərəm ki, aşağı yaş qruplar üzrə komandalarımızda gələcəkdə bizə sürpriz edə biləcək istedadlı futbolçular var. Qurban müəllimə də demişəm ki, komandamızda yaxşı çıxış edən yetirmələrimizi görmək istəyirəm.

Həmin kateqoriyadan