Tanınmış azarkeş Azərbaycan prezidentinə müraciət ünvanlayıb

Azərbaycanın tanınmış futbol azarkeşlərindən olaq zaqatalalı İnqilab Soltanov ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, o, sosial şəbəkə hesabından dövlət başçısından əyalət futbolunun problemlərini diqqət mərkəzində saxlamağı xahiş edir:

“Cənab Prezident, mən Zaqatala sakini İnqilab Soltanov sizə müraciət etmək məcburiyyətindəyəm. İnanıram ki, mənim müraciətimi qəbul edəcəksiz və səsimə səs verəcəksiniz!Mən Zaqatala rayonu, Sülh küçəsi 6, 10 saylı evdə yaşayıram. Öz ölkəmi, vətənimi, torpağımı və doğma Azərbaycanımızı təsmil edən hər bir idmançımızı, xüsusən də futbolu sevirəm. Təəssüflər olsun ki, hər keçən gün Azərbaycan futbolu daha da acınacaqlı vəziyyətə düşür. Bu gün başda AFFA-nın baş katibi Elxan Məmmədov olmaqla, AFFA rəhbərliyi Azərbaycan futbolunun taleyinə biganədir. Sanki onlar bizim futbolun məhv olması üçün bütün imkanlardan istifadə edirlər. Buna sübut kimi bölgə futbolunun məhv edilməsini göstərmək olar. Bölglərdə yaşayan azarkeşlər futboldan, sevimli komandalarına azarkeşlik etməkdən məhrum olunublar. Ölkə çempionatı yalnız Bakı şəhəri üçün keçirilir. “Qəbələ” istisna olmaqla heç bir bölgə təmsilçisi Azərbaycan premyer liqasında iştirak etmir. Buna səbəb isə başda AFFA-nın baş katibi Elxan Məmmmədov olmaqla bu qurumun əməkdaşlarının əməlləridir.

Tarix sübut edir ki, Azərbaycanın ən güclü futbolçularının 90 faizi həmişə bölgələrdə yetişmişdir. Amma hazırda bölgələrdə futbol can verir.Cənab Prezident, sizin Azərbaycan idmanına diqqət və qayğınız hər kəsə məlumdur. Daim idmançılara lazımi diqqət göstərmisiniz. Mən İnqilab Soltanov bir Azərbaycan vətəndaşı və futbol azarkeşi kimi sizdən artıq dərəcədə xahiş edirəm ki, Azərbaycan futbolunu bu acınacaqlı vəziyyətdən xilas edəsiniz. Əyalət futboluna yeni nəfəs verin. Ümid edirəm ki, bu müraciətim sizə gəlib çatsa, bölgə futbolunun problemlərini diqqətdən kənarda qoymayacaqsınız. Sizin bir göstərişiniz milyonlarla azarkeşə sevinc bəxş edəcək.Cənab Prezident, sizdən xahiş edirəm ki, uçuruma gedən Azərbaycan futbolunu xilas edin, günahkarları cəzalandırın.

Hörmətlə və böyük ümidlərlə Zaqatala şəhər sakini İnqilab Soltanov”.

Həmin kateqoriyadan