Tanınmış şahmat məşqçisi Fuad Cəfərovun şəxsi kitablarından ibarət fond yaradılıb

Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında daim böyük ehtiramla çəkilir. Allsport.az saytı xəbər verir ki, ölkə şahmat tarixində mühüm xidmətləri olan Fuad Cəfərov 1986-cı ildən 2004-cü ilədək Respublika Şahmat Mərkəzinə rəhbərlik edib. Onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində mühüm işlər görülüb. Fuad Cəfərovun Azərbaycanda idmanın bu qədim növünün inkişafı sahəsindəki xidmətləri daim dərin ehtiramla yad olunur, onun xatirəsinə tədbirlər, turnirlər mütəmadi qaydada keçirilir.

İstedadlı şahmat məşqçisi Fuad Cəfərovun şahmat oyunu qaydaları, dərs vəsaiti, şahmat məktəbləri, şahmatçılar, beynəlxalq turnirlər, şahmat həyatından bəhs edən müxtəlif dillərdəki nəşrlərdən ibarət zəngin kitabxanası onun qardaşı Cavanşir Cəfərov tərəfindən Binəqədi rayon mərkəzi kitabxanasına hədiyyə olunub. Şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir. Kitabxanada Fuad Cəfərovun kitablarından ibarət xüsusi fond yaradılıb.

Azərtac.az xəbər verir ki, iyunun 8-də Binəqədi rayon mərkəzi kitabxanasında bununla əlaqədar tədbir keçirilib. Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Rəna Biləndərli Azərbaycanın Əməkdar Şahmat Məşqçisi, beynəlxalq dərəcəli hakim, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun şəxsi kitabxanasının Binəqədi rayon MKS-yə təqdim olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Direktor vurğulayıb ki, Azərbaycanda şahmatın inkişafında mühüm xidmətləri olan Fuad Cəfərovun şəxsi kitabxanasında olan sanballı nəşrlərin, dərsliklərin Binəqədi MKS-yə təqdim edilməsi uşaq və gənclərdə şahmata marağın artmasına mühüm töhfə verəcək.

Binəqədi MKS-nin informasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva fond haqqında məlumat verərək bildirib ki, şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir. Kitablarda və disklərdə şahmat oyunu qaydaları, şahmat dərslikləri ilə yanaşı, dünyanın tanınmış şahmatçılarının, eləcə də Azərbaycanın istedadlı zəka ustalarının partiyaları, beynəlxalq turnirlər, Azərbaycan şahmatçılarının uğurları barədə ətraflı məlumat verilir.

Fuad Cəfərovun istedadlı tələbələrindən olan beynəlxalq usta, beynəlxalq dərəcəli hakim İlqar Bacarani ustadı barədə xatirələrini bölüşərək bildirib ki, o, peşəkar müəllim, gözəl təşkilatçı, tanınmış hakim, əsl vətənpərvər idi. Fuad müəllim şagirdlərinə həmişə can yandırar, onların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirərdi. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində mühüm işlər görülüb. Həmin dövrdə “Ağ top” yarışlarının, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirlərinin keçirilməsi, 1983-1988–ci illərdə “Bakı” qəzetinin şahmat rubrikasında verilən maraqlı kompozisiyalar da onun adı ilə sıx bağlıdır. Fuad Cəfərov mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə, eləcə də Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda iştirakına çalışır və buna nail olurdu.

Beynəlxalq qrossmeyster Sərxan Quliyev Əməkdar Məşqçi Fuad Cəfərovun yüksək təşkilatçılıq qabiliyyətinə malik gözəl insan kimi xatirələrdə yaşadığını bildirib. Qeyd edib ki, Respublika Şahmat Mərkəzinə rəhbərliyi dövründə burada yaratdığı gözəl ab-hava, idmançılara göstərdiyi diqqət və qayğı, gənc idmançılar üçün yaradılan şərait, səmimi münasibət qurmaq bacarığı Fuad müəllimin ən nəcib xüsusiyyətlərindən idi. Məhz bu yüksək insani keyfiyyətlərinə görə şahmatçılar, xüsusən də gənc idmançılar arasında Fuad müəllimin böyük hörməti var idi və bu gün də onun xatirəsi dərin ehtiramla anılır.

Beynəlxalq dərəcəli hakim, Respublika Şahmat Mərkəzinin məşqçisi Nurəli Məmmədzadə Azərbaycanda milli şahmat məktəbinin formalaşmasında və inkişafında əvəzsiz xidmətləri olan Fuad Cəfərovun fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ölkəmizdə şahmatın inkişafına böyük töhfə vermiş Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərin mütəmadi qaydada təşkili şahmat ictimaiyyətində xoş ənənəyə çevrilib. Öz ömrünü ölkəmizdə şahmatın inkişafına həsr etmiş Fuad Cəfərovun şəxsi kitabxanasının Binəqədi MKS-yə təqdim olunması və həmin nəşrlərdən ibarət fondun yaradılması onun nəcib amallarının həyata keçirilməsi işinə müsbət təsir göstərəcək.

Çıxışlardan sonra tədbir iştirakçıları fondda toplanan nəşrlərlə tanış olublar.

Həmin kateqoriyadan