Tarix Əlyunussi: “Qarabağ”da qalıb yaxşı pul da qazana bilərdim

“2017-ci il mənim üçün ziddiyətli il oldu. Əvvəl “Olimpiakos”la yaxşı bir mövsüm keçirdim, Yunanıstan çempionu olduq. Sonra “Qarabağ”a keçdim. Bu komanda ilə çempionlar liqasında oynamaq istəyirdim. Əvvəlcə hər şey yaxşı gedirdi. Lakin sonradan axmaq bir zədə aldım”.
Allsport.az saytı xəbər verir ki, bu sözü qış transfer pəncərəsində Ağdam klubundan ayrılaraq AİK-ə keçən Tarix Əlyunussi deyib. Norveç millisinin 29 yaşlı yarımmüdafiəçisi İsveçin “Futbol kanalı”na verdiyi müsahibədə “Qarabağ”da möhkəmlənə bilməməsinin səbəbini də zədələnməsi ilə əlaqələndirib:
“Bu zədəyə görə mən 2 ay yaşıl meydandan kənarda qaldım, çempionlar liqasının son oyunlarını buraxmalı oldum. Mən isə “Qarabağ”a məhz burada çıxış edib təcrübə toplamaq üçün getmişdim. Sonra AİK-in mənimlə maraqlandığını eşitdim. Bu, mənim üçün maraqlı variant idi. Mənim hələ iddialarım qalır. AİK-lə 2-illik müqavilə bağladım. Əminəm ki, biz “Malmö” ilə rəqabətdə qalib, gəlib İsveç çempionu olacağıq və bu zaman yenidən Avropa kubokunda oynayacağıq”.
Futbolinfo.az-ın məlumatına görə, “Sizə AİK-dən başqa da təkliflər vardımı” sualına Tarix Əlyunussi belə cavab verib: “Başqa komandaya da gedə, “Qarabağ”da qalıb yaxşı pul da qazana bilərdim. O cümlədən “Olimpiakos”a qayıtmağım mümkün idi. Amma mən pulu deyil, gələcək uğurlu karyeramı fikirləşdim”.

Həmin kateqoriyadan