LAYİHƏ
Televiziyamızda doğma səslər

Azərbaycan televiziyası radiodan 30 il sonra, 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib. Tikintidən ötrü yer paytaxtın ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan gənc aktrisa, tamaşaçıları televiziyanın fəaliyyətdə olması münasibəti ilə təbrik edib. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi nümayiş olunub.
İdman haqqında xəbərləri «Azərbaycan bədən tərbiyəçisi»ndən oxuyan ata-babalarımız, artıq bu barədə «Sehirli qutu»dan da görüb eşitməyə başlayıblar. Özümə gəlincə, idmanı – futbolu 5 yaşından izləmişəm. Erkən həvəsin yaranmasına səbəb babamla dayım olub. Uşaq dönəmində valideynlərim şəhərdə işlədiyindən, mənə lazımi diqqət və qayğı göstərmək imkanında deyildilər. Bu üzdən, kiçik yaşlarım Sabirabadda, ana baba-nənəmin himayəsi altında keçib. Evdə 2 televizor vardı. Dünya çempionatı-1986 zamanı bir gündə eyni vaxtda 2 matç da yayımlanırdı. Hərəsi birində baxırdı. Təhlükəli vəziyyət yarananda, harda birinci səs gəlirdi, oraya cumurduq. Braziliya millisinin oyunu çox xoşuma gəldiyindən, elə o vaxtdan Dünya Kuboklarında «sarı-yaşıllar»a azarkeşlik edirəm.

Evdə «Neftçi»yə də maraq böyük idi. Onun yarış cədvəlində mövqeyi daim müzakirə mövzusu idi. Uşaq vaxtımda izlədiyim bayraqdarın uduzması yadıma gəlmir. Çox güman, bakılıların yenildiyi görüşləri canlı izləyə bilməmişəm. Yaxşı xatırlayıram, günlərin birində «Neftçi» paytaxtda Moskva «Spartak»ını qəbul edirdi. Dəqiq ili yadımda deyil, amma «ağ-qaralar» gözəl  və üstün oyunla adlı-sanlı rəqibini 2:0 məğlub etmişdi. Televiziyada tez-tez səslənən İsgəndər Cavadov, Maşalah Əhmədov, əks hucüm vaxtı uzun saçı əsən İqor Ponamoryov, 11-metrlik cərimə zərbələrini qaytarmaqla məşhurlaşmış Aleksandr Jidkovun adları indi də qulağımdadır. Komandamızın həmlələrini, yüksək texnikasını şərhçi Aydın Əliyevlə «Neftçi»nin o zamankı rəisi Çingiz İsmayılov gözəl şəkildə, xoş ovqatla təsvir edirdilər. Usta reportyorun xırıltılı səsi adama çox şirin gəlirdi. Görüşlərdə şərhçilik yüksək səviyyədə, çox maraqlı idi. Burada keçmiş AFFA baş katibini də tərif etməliyəm, aparıcılıqda Aydın Əliyevdən geri qalmırdı. Hər ikisinə çox öyrəşmişdim. Məktəbdə, kiçik siniflərdə oxuduğum dövrdə televiziyada oyunu izləməyə imkan tapmayanda, evimizin yaxınlığında, o vaxtı mərkəzi Hüsü Hacıyevlə (Azərbaycan prospekti) Şors (indiki Bəşir Səfəroğlu) küçələrinin kəsişməsində yerləşən qəzet köşkundən «İdman»nı alıb nəticələr və yarış cədvəli lə tanış olurdum.

Təqribən 25 il AzTV-də çalışan, bir vaxtlar idman proqramları birləşmiş televiziya və radio baş redaksiyasına rəhbərlik edən, baş redaktor olan Aydın Əliyevin təcrübəsinə, bu illər ərzində topladığı arxiv lentlərinə daim ehtiyac var. «İdman Azərbaycan»ın formalaşmasında da onun əməyi böyükdür. Ustad həmkarımız reportyorluqda dilimizin qorunmasının vacib sayır: «Nəinki, televiziyada, bir çox qəzetdə baş alıb gedən elə sözlər var ki, bunlar dilimizə yaddır. 30-40 il öncə rəhmətlik, böyük türk şairi Nazim Hikmət demişdi: «Türkdilli ölkələr arasında ən saf, ən təmiz dil Azərbaycan xalqına məxsusdur». Əgər türk xalqının böyük oğlu bu sözü deyibsə, niyə biz öz dilimizdə lazım gəldi-gəlmədi əcnəbi sözləri işlədək. Bunlarla səmimi söhbət edirəm, bir övlad kimi öz bildiklərimi, məsləhətlərimi verirəm. Bir vaxtlar Türkiyədə yeni televiziya kanalı yarananda oranın şərhçiləri AzTV-yə gələrək, şərhçiliyin yollarını, şərhçilərin ustalığına aparan mərhələləri öyrənirdilər. İndi isə təkcə «İdman Azərbaycan» kanalında yox, bütün özəl telekanallarda işlədilən «şans», «adını tabloya yazdırdı», «ehtiyat oyunçular skamyasında yer alıb» kimi qəribə ifadələr həddindən artıq çoxdur. Belə getsə, gərək biz yaxın vaxtlarda hücuma «atak», əks-hücuma «kontr-atak» deyək. Əlbəttə, hər bir dil başqa xalqlara məxsus və bizə uyğun gələn sözlərlə zənginləşməlidir. Məsələn, kosmos və ya kosmonavt sözünü başqası ilə əvəzləyə bilməzsiniz. Ola bilsin, bədii ifadələrlə «fəza» və «fəza qəhrəmanları» demək mümkündür. Lakin «kosmonavt» sözünü Azərbaycan dilinə başqa cür necə tərcümə edə bilərsiniz? Amma «imkan», «fürsət», «şərait» sözləri dilimizdə olduğu halda, niyə «şans» sözünü işlətməliyik?»
Yaxşı xatirimdədir, 2012-ci ildə AİPS-in «Gənc reportyorlar proqramı» çərçivəsində Azərbaycanda «İdman»la birgə «Hilton Bakı» mehmanxanasında təşkil olunan dəyirmi masada, bu nəşrin redaktoru olmuş Oqtay Bayramov da həmin məqama toxunmuşdu. Qeyd etmişdi ki, şahmatda «xalları yarı bölmək» ifadəsi düzgün deyil. Çünki şətrəncdə qalib gələn bir xal qazanır, heç-heçə edən yarım xal. Belədə, biri bir neçə yerə necə bölmək olar? Təcrübəli həmkarımızın digər narazılığı, futbola aid cümlələrdə tez-tez «qola imza atdı» işlədilməsiydi.
«İdman»da uzun müddət çalışmış Arif Məmmədov da daim dolğunluğa fikir verib və öz növbəsində, sözün sonunda yersiz «lar, lər» şəkilçilərinin istifadəsinin əleyhinə olub.

90-cı illərdə televiziyamızda Fikrət Adıgözəlli parlamağa başladı. Sakit təbiətli həmkarım reportajları da özünə tərzdə şəkildə aparırdı. Amma 1999-ci ildə, sentyabrın 8-də keçirilmiş Azərbaycan – Potruqaliya görüşündə Fikrət müəllim sakit görünmürdü, səlis və gözəl nitqində səs yüksəkdə idi. Zarafat deyil, millimizin İsveçrə üzərində ilk qələbədən sonra növbəti tarixi Luiş Fiqulu Portəgiz yığması üzərində qazanacaqdı. Görüşü tribunadan izləyənlər, televiziya qarşısında əyləşənlər, hamıiız həyacanlı idik.
Bir gün əvvəl keçirilən oyunun ilk hissəsi 0:0 başa çatmışdı. Amma fasilədə Tofiq Bəhramov adına Respublika stadionunun projektorları söndüyünən matç ertələnmişdi. Rəqib bu təklifə iki əllə razılaşmıdı. Çünki onları heç-heçə qane etmirdi. Ancaq portuqaliyalılar nə biləydilər ki, növbəti gün acı aqibətlə qarşılaşacaq və yalnız hakimin köməyi sayəsində 90+6-cı dəqiqədə yenilgidən qurtulacaqlar. Əhməd Ələsgərovlu millimiz rəqibin başına oyun açırdı. Görüşün 2-ci hissəsində sürətdə o vaxtı ulduz avropalı futbolçulardan geri qalmayan Zaur Tağızadə Vitor Baya ilə təkbətən qalaraq , topu onun ayaqlarının arasından qapıya göndərdi. Mübarizənin sonrakı dəqiqələrində Adıgözəllinin şərhini xatırlayıram: «Hətta qonşu kabinədə oyunu idarə edən portuqaliyalı reportyor da məyusdur, səsi yavaş çıxır. Bəli, Azərbaycan komandası gözəl futbol nümayiş etdirir». Və sonra yenə millimizi tərif edir. Fikrət müəllimin bir üstün cəhəti də futbolla yanaşı, digər olimpiya idman növlərini yaxşı bilməsidir. AzTV-də nisbətən gənc nəslin nümayəndələrindən Elnur Əşrəfoğlu və Altay Əliyevin yüksək şərhçilik qabiliyyətləri vardı.

Müasir dövrümüzdə Rövşən Binnətlinin aparıcılığı təqdirəlayiqdir. İşin gedişində o, şirin danışıq tərzi həm tamaşaçıda xoş ovqat yaradır, həm də sanki özü oyunda iştirak edir. Digər usta şərhçilər kimi, vəziyyətə düzgün qiymət vermək, tərəfsizlik ona aid xüsusiyyətlərdəndir. Onun «Lider» TV-də Nəriman Mehdiyevlə birgə apardıqları futbol verilişləri də maraqlı olurdu. Rövşən müəllim idman mətbuatına və televiziyaya gəlişini belə xatırlayır: «80-ci illərin ortalarında – komsomol (sovetlər dönəminin gənclər təşkilatı) işində olarkən komitənin həyata keçirdiyi tədbirlər, gördüyü və görəcəyi işlər barədə Ağdamın yerli qəzetində («Lenin yolu») yazılarla çıxış edirdim. Jurnalist ixtisaslı olduğumdan bu iş, peşə sahəsində püxtələşmək mənasında, mənə çox lazım idi. Qeydlərimi yerli radioya da göndərir, onlarla da əməkdaşlıq edirdim. Hazırladığım materiallar arasında idman mövzusu mənə lap doğma idi. Təkcə ona görə yox ki, idman və gənclik bir-birini uğurla tamamlayırdı, əsas ona görə ki, idmanı hələ kiçik yaşlarımdan sevmiş, ona ruhən bağlanmışdım. Bu səbəbdən idman hadisələrini diqqət mərkəzində saxlayır, gizlətmirəm, daha doğma yanaşırdım. Bir dəfə növbəti materialımı radioya gətirdim və gözləmədiyim halda baş redaktor Qambay Əliyev dedi ki, öz yazılarımı özüm səsləndirə bilərəm? «Danışığın səlist, şirindir, nitqin çox yaxşıdır, xoşuma gəlir», – deyə əlavə etdi. Qambay müəllimin təklifi uşaqlıq çağlarımdan mənimlə yol-yoldaşı olan, daim mənimlə qoşa addımlayan həyati arzumun – radio-televiziyada işləmək istəyimin gerçəkləşməsində ilk «yaşıl işıq» oldu…

Məlum Qarabağ hadisələri nəticəsində tək bu bölgənin insanlarının deyil, bütün vətəndaşlarımızın həyat tərzi dəyişdi, hər birimiz üçün yeni, tam fərqli dönəm başladı. Ağdam şəhərinin işğalından sonra Bakıya üz tutdum. İdman jurnalistikası ilə, amma daha fəal və davamlı şəkildə məşğul olmağa qərar verdim. «AFFA news» qəzetindən başlanan yol «Panorama»da davam etdi. Paralel olaraq daha bir neçə mətbu orqanla əməkdaşlıq etdim. 90-cı illərdə çıxan qəzetlərin idman xəbərləri, əsasən, xarici məlumatlardan ibarət olurdu. Azərbaycan idmanının təbliğatındakı boşluğu doldurmaq yönündə fəaliyyəti vətəndaşlıq borcum sayaraq nəsə etməyə çalışdım. Ölkə idmanı ilə bağlı xəbərləri əldə etməkdə o vaxt Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri olan Sədaqət Xanzadəyevanın da rolu danılmazdır.

İşlədiyim qəzetlərdən biri də «Bizim ƏSR»dir. Bu mətbu orqanın daxil olduğu media qurumunda «Lider» TV də vardı. Mən qəzetin həftəlik idman əlavəsinin futbol səhifəsini hazırlayırdım. Bir gün işimi yekunlaşdırıb növbəti həftənin teleproqramını gözdən keçirirdim. Diqqətimi «Lider»in futbol üzrə ölkə çempionatının «Viləş» – «Neftçi» görüşünün ikinci hissəsini videoyazı şəklində təqdim edəcəyi barədə məlumat çəkdi. Fikrimdən dərhal «görəsən oyunu kim şərh edəcək» sualı keçdi. TV-də idman sahəsində işləyənləri bir-bir göz önünə gətirdim və özümü bu işə hazır hesab etdiyimi idman redaksiyasının rəhbəri Vasif Ağamirova bildirdim. Beləcə, 2001-ci il aprelin 12-dən 30 ildən çox arzusunda olduğum, həsrətini çəkdiyim televiziya həyatım başladı.

Təxminən 11 il «Lider» TV-də işlədim və bu müddətdə həm redaktor, həm şərhçilər qrupunun rəhbəri, həm də televiziyanın baş idman icmalçısı kimi üzərimə düşən vəzifəni, missiyanı layiqincə, vicdanla yerinə yetirməyə çalışdım. Fəaliyyətim müstəqil Azərbaycanın idman həyatında intibah dövrünün ən qızğın çağına təsadüf etdi. 2004-cü il Yay Olimpiya Oyunları, futbol üzrə Avropa çempionatının final mərhələsi, 2006-cı il qış olimpiadası, futbol üzrə dünya çempionatı kimi irimiqyaslı idman yarışları Azərbaycanda ilk dəfə məhz «Lider» ilə yayımlandı. Və mən belə tarixi hadisələrin, ölkə teleməkanındakı bu kimi tarixi ilklərin əsas iştirakçısı, bir parçası oldum, tamaşaçıların həmsöhbətinə çevrildim. Bütün bunları İlahinin lütfü, həyatımın mənası sayıram».
İndiki dövrdə Siyavuş Əliyev, Ramiz Mirzəzadə, Nurlan Hacıyev, İsmayıl Abdullayev və Pərviz Musayevin şərhçilikləri ictimaiyyətdə təqdir olunur.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan