VİDEO
Tofiq Heydərov: “Zirvə” ölkə idmanında liderlərdən birinə çevrilib

“Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, ağır atletika üzrə SSRİ İdman ustası, Atlanta Olimpiya Oyunlarının iştirakçısı Tofiq Heydərov musavat.com-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, “AAAF-İnşaat MMC”-nin təsisçisi və AAAF Park Yaşayış Komplesinin qurucusu olan iş adamı son vaxtlar onunla və rəhbərlik etdiyi təşkilatla, komplekslə bağlı danışılan bütün məsələlərə aydınlıq gətirib.

– AAAF Park layihəsinin yaranma səbəbi haqda nə deyə bilərsiniz?
– AAAF Park idmanla bağlı bir layihədir. Burada sağlam həyat tərzi – idmanla yaşayış evlərinin vəhdəti təmin edilib. Məram isə birdir: yenicə məşqlərə başlamış bir idmançının zirvələrə yüksəlməsi üçün nə şərait lazımdırsa, bir məkanda, kompleks şəklində təmin edilsin. Ən kiçik yaşlı uşaq belə əvvəlcə “Zirvə Uşaq Akadamiyası”nda gimnastika, üzgüçülük, şahmat, cüdo və başqa idman növləri ilə müntəzəm məşğul olub, yarışlarda iştirak etmək hüququ qazana bilir. 6 yaşdan sonra isə artıq idman təmayüllü, elə kompleksimizin ərazisində olan “Zirvə liseyi”ndə peşəkar məşqçilər tərəfindən ən yüksək səviyyədə təmin olunmuş şəraitdə məşqlərini davam etdirməyə nail olurlar. Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasını peşəkar idmançılarla təmin edən “Zirvə” Beynəlxalq İdman Klubunun əsas təlim-məşq bazası da məhz bizim AAAF Park-dır. Yəni biz burada sakin olan hər kəsin sağlam həyat tərzi ilə yaşaması, uşaqlarının sağlam, vətənə layiqli övlad kimi böyüməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Ümumiyyətlə, bu layihə mənim bir idmançı, məşqçi və klub rəhbəri işlədiyim dövrlərdə qarşılaşdığım problemlərdən yaranan bir layihədir. İdmanın inkişafına nə lazımdırsa, bu layihəyə daxil edilib, mükəmmələ çatdırılıb.

– “Problemlərdən yaranan layihədir” deyəndə nəyi nəzər tutursunuz?
– Bilirsiniz ki, müstəqilliyimizin ilk illərində idmanda vəziyyət çox pis idi. Normal məşq etməyə belə zallarımız yox idi. Heç bir təlim-məşq toplanışı olmadan 1994-cü ildə İstanbulda keçirilən dünya çempionatında ilk dəfə olaraq respublikamızı öz hesabımıza yarışa getməklə təmsil edə bildik. Ölkədə ağır atletika üzrə məşq edən idmançı qalmamışdı. Tanınmış atletlərimiz Asif Məlikov və Əhməd Şahbazov Ukrayna, Elxan Süleymanov Türkiyəyə gedərək məşq edə bilmək üçün respublikanı tərk etmişdilər. O vaxt təkcə mən yetirmələrimlə sona qədər mübarizə aparırdım. 1995-96-cı illərdə Avropa çempionatında 5-ci yeri tutaraq Olimpiya Oyunlarına lisenziya alandan sonra bizim üçün şəraitlər qurulmağa başladı. “Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) Suraxanıdakı İdman-Olimpiya Oyunlarına hazırlıq üçün bizim istəyimizlə 3 aya inşa edilərək istifadəmizə verildi. Açılış mərasimində iştirak edən ümummilli liderimiz Heydər Əliyev mənim Olimpiya Oyunlarındakı çıxışımı yüksək qiymətləndirərək, bizim üçün şəraitin daha da yaxşılaşdırılması üçün tapşırıqlar verdi. Bir neçə ay sonra prezidentimiz Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə, “Azərbaycan Hava Yolları”nın rəhbəri Cahangir Əsgərov isə Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildilər. Bununla da ağır atletika və ümumilikdə idmanımızda çətinliklər aradan qaldırılmağa başladı. Artıq bu gün Azərbaycan dünyanın ən güclü inkişaf etmiş idman ölkəsinə çevrilib.

– Təsis etdiyiniz “Zirvə” İdman Klubunun rayon və kəndlərdə çoxlu idman kompleksləri fəaliyyət göstərir. Yüzə yaxın məşqçi saxlanılması və ildə 16 dəfə yarışların keçirilməsi necə maliyyələşdirilir?
– Əvvəllər bu vəsaitləri tikinti şirkətimizin qazancı hesabına edirdik. İndiki zamanda bunu etmək çox çətindir. “AAAF Park” layihəsi bizim bütün bu problemlərimizi həll edən layihədir. “Zirvə” İdman Komplekslərinin ətrafında inşa etdiyimiz yaşayış evlərində yaşayan sakinlərimizə pullu idman xidmətləri göstərməklə klubumuz çox rahat şəkildə maliyyələşə biləcəkdir. Hazırda bütün idman komplekslərimizin yanında bu layihənin həyata keçirilməsi üçün işlər gedir. 2006-cı ildən fəaliyyətinə başlayan “Zirvə” İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malik bir idman klubu olan “Zirvə”, idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi, eyni zamanda dövlətimizin idmana qayğı siyasətinə öz dəstəyini vermək məqsədi ilə yaradılmışdır.
Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İK qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. 2013-cü ildə klubun ağırlıqqaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər, bu qələbələrlə yanaşı 7 də rekordu təzələyərək, adlarını tarixə yazdıra biliblər.

– Klubun digər respublikalarda da – Polşa, Ukrayna, Moldova, Rusiya, Türkiyə, Bolqarıstan, Gürcüstan və digər ölkələrdə bölmələri açılır. Bu addım idmanımızın inkişafına nə dərəcədə köməklik göstərəcəkdir?
– Bilirsiniz ki, ölkəmizdə idmana qayğını ümummili liderimiz Heydər Əliyev öz üzərinə götürmüşdü və hər dəfə görüşəndə “bu qayğını siz daima hiss edəcəksiniz” deyirdi. Həqiqətən də idmançılar hər addımda bu qayğını hiss edir. Artıq bu qayğıdan dünya idmanı belə faydalanmağa başlayıb. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi, müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatlarının təşkilinin ölkəmizə həvalə olunması cənab prezident İlham Əliyevin bu sahədə apardığı siyasətin necə düzgün olduğuna ən gözəl nümunədir. Biz idmançılar və mütəxəssislər də öz idman növümüzün inkişaf etdirilməsində dövlətimizə dəstək olmalıyıq. Sualınıza gəlincə, ağır atletika üzrə klublararası beynəlxalq yarışların keçirilməməsi bizi bu addımları atmağa məcbur etdi. Bu layihə ilə kiçik yaşlı uşaqlarımızın artıq 12 yaşdan beynəlxalq səviyyədə təşkil olunmuş yarışlarda ildə 6 dəfə iştirak etmək hüququ qazana bilirlər. Qonşu respublikalarımızda təlim-məşq toplanışları keçirəndə böyük məbləğdə vəsait xərclənirdi. Artıq respublikamızın atletləri pul ödəmədən hazırlaqlarını bizim digər respublikalarda olan bazalarımızda müntəzəm olaraq keçirə biləcəklər. Bu da idmanımızın inkişafına daha da kömək göstərəcəkdir.

– Avqustun ayında “Zirvə” Beynəlxalq İdman Klubları arasında ağır atletika üzrə 1-ci dünya çempionatı keçirildi. Bu tədbiri xarici respublika ictimaiyyəti və federasiya rəhbərləri necə qarşıladılar?
– Çox müsbət. Yarışa qatılan 150-yə yaxın idmançı və məşqçi AAAF Park Yaşayış Kompleksini ilk dəfə görəndə təəccüblərini gizlədə bilmədilər. Ağır atletlər üçün dünya miqyasında yaradıla biləcək ən yüksək şəraitin olduğunu dilə gətirdilər. Çox qısa müddət ərzində inşa etdiyimiz yeni yarış zalı da onları valeh etmişdi. 10 ölkədən gələn idmançıların qalma, qidalanma, yol, bir sözlə bütün xərcləri ödənildi, onların ən kiçik istəyi belə yerinə yetirildi. Beynəlxalq səviyyəli yarış keçirdik. Gələnlər arasında tanınmış sabiq idmançılar, eləcə də rəhbər şəxslər vardı. Onlar burada şəraitin qurulmasında əməyi olan hər kəsə, eləcə də Azərbaycan Respublikası rəhbərliyinə təşəkkürlərini bildirdilər. Məlumat üçün qeyd edim ki, bütün iştirakçılar bizim ölkə xaricindəki klublarımızın il ərzində seçilən və yarışlarda fərqlənənlər arasından seçilmişdi. Filiallar beynəlxalq layihəmiz olan “Zirve İnternational Sport Clubs” çərçivəsində qurulduğundan oralarda da keçirilən bütün tədbirlərdə Azərbaycan bayrağı qaldırılır. Yadıma gəlir, 1989-cu ildə SSRİ birinciliyində üçrəngli bayrağımızı qorxa-qorxa sinəmdə daşıyaraq yarışa çıxmış, böyük çətinliklər yaşamışdım. Həmin problemlərdən sonra bugünkü vəziyyətə görə hər an Allaha şükür etməliyik. Bizim klub çalışır ki, dəstəyə ehtiyacı olan bütün ağır atletika ailəsinə yaxından kömək etsin. Çünki ağır atletikanın vəziyyəti çox yerlərdə yaxşı səviyyədə deyil.

 

Həmin kateqoriyadan