Toğrul Əsgərov: Hamımızın arzusu “Kəpəz”in yenə Avropa liqasına vəsiqə qazanmasıdır

“Mənim “Kəpəz”in azarkeşi olduğum sirr deyil. Odur ki, komandanın çıxışlarını yaxından izləyirəm. Mütamadi olaraq mətbuat və xüsusən də, dost-tanışdan klubla bağlı məlumatları alıram”. Allsport.az saytı xəbər verir ki, bu sözü olimpiya çempionu Toğrul Əsgərov deyib. Kapazpfc.az-aa açıqlama verən sərbəst güləşçi “sarı-göylər”in nəticələrinə də toxunub:

“Yeni ilin ilk oyunlarında “Kəpəz” özünü yaxşı tərəfdən göstərə bilmədi. Ardıcıl məğlubiyyətlər oldu. Əslində idmanda belə şeylər başa düşüləndir. Hər bir komandanın, idmançının uğursuzluq zolağına düşdüyü vaxt olub. Əsas olan belə vəziyyətdən tezliklə çıxmaqdır. Şükürlər olsun ki, komanda özünə gəlib toparlanmağı bacardı. Son oyunlar da göstərdi ki, “Kəpəz” dirçəlib. “Qəbələ” üzərində qazanılan qələbə lap möhtəşəm idi”.

“Kəpəz”in idmançı azarkeşləri arasında ən titullusu olan Əsgərov azarkeşlərdən də bəhs edib: “Gəncədə futbol bir nömrəli idman növüdür. Bunu hamı yaxşı bilir. Ev oyunlarında stadiona çoxlu sayda azarkeş gəlir. Tamaşaçı komandanı ruhlandırır, qələbəyə səsləyir. Özüm güləşçi olsam da, həddindən artıq futbola meylliyəm. Yadınızdadırsa, bir dəfə sizə demişdim ki, güləşi seçməsəydim, çox güman futbolçu olardım.

Futbol oynamaqdan doymuram. Həftədə 2-3 dəfə uşaqlarla yığışıb oynayırıq. Biz gəncəlilərin ürəyi futbolla döyünür. Oyun olan günlər şəhərdə canlanma hiss olunur. Hamı stadiona doğru axışır. İndi hamımızın arzusu “Kəpəz”in ötən mövsüm olduğu kimi yenə Avropa liqasına vəsiqə qazanmasıdır. Şansımız var və bundan istifadə etməliyik”.

Komanda I divizionda çıxış edəndən stadionda olimpiya çempionu kimi görünməyə başlayan Toğrul premyer liqada da “Kəpəz”i tək buraxmır. İmkan düşən kimi arenaya gəlir: “Düzdür, son vaxtlar stadiona az-az gəlirəm. Bu da əvvəllər yarışlar və məşqlər ilə bağlı idisə, indi zədəmlə əlaqədardır. Yaxşı başa düşürəm ki, televizorla stadiondan baxmağın arasında böyük fərq var. Futbolu tribunadan izləməyin yeri ayrıdır. Son iki ev oyununa gəlməyə çox can atdım. Amma müəyyən səbəblər üzündən gələ bilmədim. İnşallah, çempionatın sonuncu matçında stadionda olacağam. “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”.

Həmin kateqoriyadan