Toğrul Əsgərov hardadır? Olimpiya çempionunu xeyli vaxtdır yığmada «gördüm» deyən olmayıb

Olimpiya çempionumuz Toğrul Əsgərov gözə dəymir.  Allsport.az saytı xəbər verir ki, dopinq cəzasına görə bir müddət yığmadan kənar qalan sərbəst güləşçinin cəzası ötən ilin martında başa çatıb. Buna rəğmən, gəncəli idmançını o vaxtdan bəri millidə «gördüm» deyən olmayıb. Onun hansı səbəbə komandaya qoşulmaması bilinmir. AGF-in baş katibi Orxan Məmmədov son zamanlar ara-sıra awf.az-da açıqlama versə də, bu barədə bir cümlə belə işlətməyib. Görünür, Toğrul Əsgərov ona maraqlı deyil.

Pəhləvan haqda son bilgi öz Feyisbuk səhifəsində MMA qəfəsində yerləşdiyi fotolar və möhtəşəm qayıdışı ilə bağlı ismarıcdır. Amma bu, hələ tampaca olaraq qalır. Görünə odur ki, 26 yaşlı bahadır ortalarda yoxdur. London-2012-də qızıl medal qazanan, sonrakı dönəmdə sabit məşq və çıxış etməsinə baxmayaraq, Rio yay olimpiya oyunlarında finala qədər irəliləyən Toğrul Əsgərov yenə medal ümidlilərimsizdən sayılır. Onun hansı durumda olması bəlli olmadığından, hazırda hansı çəkidə karyerasını davam etdirəcəyi də sual altındadır. 

Sərbəst güləş yığmamız yeni baş məşqçi Saypulla Absəidovun rəhbərliyii ilə 7-20 yanvarda Dağıstan paytaxtı Maxacqalada təlim-məşq keçib. AGF-in rəsmi saytının paylaşdığı videoda tez-tez kadra digər olimpiya çempionumuz, Şərif Şərifov düşür. Kapitan Cəbrayıl Həsənovun görüntüsü də sevindirici olsa da, həmin toplanışda nə Toğrul Əsgərov, nə də Hacı Əliyev yer alıblar. Adı 2-ci çəkilən idmançı barədə növbəti yazımda ətraflı danışacağam. 3-qat dünya çempionu hazırda Hindistanda peşəkar güləş liqasında «Yodxa» klubunun heyətində çıxış etdiyindən, bu mövzuya hələ toxunmuram. Bəlli olan budur ki, AGF azərbaycanlı olimpiya çempionu və gümüş mükafatçısının taleyinə biganə qalıb. Obrazlı, ggər sabah pələnc qəfəsdən çıxıb söylədiyi kimi, onu hesaba almayanları param-parça etsə, yəni, Rioda heç kəsin gözləmədiyi nəticəni Tokio-2020-də də təkrarlasa, onda necə olacaq?..

Həmin kateqoriyadan