Tokio olimpiadasına daha 85 xal

Türkiyənn Ədirnə şəhərində 1.2 kateqoriyalı “Fateh Sultan Məhməd Qırxlarəli” turunda 130 km-lik marşrutu ilk 3 pillədə başa vuranlar arasında Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov da var. Allsport.az xəbər verir ki, o, 3 saat 9 dəqiqə 36 saniyəyə ilə 2-ci nəticə göstərib. Yeri gəlmişkən, yığmamızın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci yeri tutub.

Beləliklə, Samirin 2-ci, Elçinin isə 5-ci yeri Azərbaycan yığma komandasının aktivinə Tokio-2020 yay olimpiya oyunları üçün daha 45 xal (30+15) qazandırıb. Xatırladaq ki, bu yarışdan bir gün öncə təşkil edilən “Fatih Sultan Mehmet Edirne” turunda Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olmaqla reytinqimizi daha 40 xalla (30+10) zənginləşdirmişdi.

2 gün ərzində 85 lisenziya xalı qazanan yığma komandamız beynəlxalq velosipedçilər ittifaqının olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə olimpiya reytinqində 114 ölkə arasında 44-cü yerə qalxıb.

Türkiyə yarışlarını uğurla başa vuran komandamızın növbəti sınağı Malayziyada olacaq – baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığmamız oktyabrın 15-19-da 5 mərhələdən ibarət 2.1 kateqoriyalı “Peninsula” turunda iştirak edəcək.

Qeyd edək ki, beynəlxalq velosipedçilər ittifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 yay olimpiya oyunlarında iştirak hüququ qazanacaqlar.

Həmin kateqoriyadan