“Tour of Taihu Lake” başa çatır

“Synergy Baku” Çində keçirilən sayca 5-ci “Tour of Taihu Lake” yürüşündə çıxışını başa vurmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış 2.1 kateqoriyasına malikdir.

Bu gün keçirilmiş 8-ci mərhələdə iştirakçılar 114 km məsafə qət ediblər. Qoşaçarxçılarımızın hamısı finişi mərhələ qalibindən 10 saniyə sonra keçən pelotonun içərisində olublar – 2 saat 41 dəqiqə 45 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Elçin Əsədova məxsusdur – 7-ci yer.

8 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 4 üzvü yer alır: Samir Cəbrayılov 14-cü, Aleksandr Surutkoviç 17-ci, Elçin Əsədov 18-ci, Maksim Averin isə 20-cidir.

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov 4-cü pillədədir – o, liderə cəmi 2 saniyə uduzur. İsmayıl İlyasov 7-ci, Ənvər Asanov isə 11-ci yerdə qərarlaşır. Komanda hesabında “Synergy Baku” 4-cü pillədədir. Sabah keçiriləcək sonuncu, 9-cu mərhələdə iştirakçılar 90.4 km məsafə qət etməlidirlər.

Həmin kateqoriyadan