“Traktorsazi” azarkeşi: Təbrizlilər “Qarabağ”ı 108-ci sektordan dəstəkləyəcək

“Qarabağ” – “Çelsi” oyununu Arazın o tayından olan 100-dən çox soydaşımız da izləyəcək. Allsport.az saytı xəbər verir ki, 108-ci sektorda qərarlaşacaq Güney Azərbaycanlılar “köhlən atlılar”ın çempionlar liqasında ilk qələbəsi ümidi ilə azarkeşlik edəcəklər. Soydaşlarımızın bu məqsədlə Bakıya gəldiklərini eşidən kimi futbolinfo.az axtarışa çıxdıb və onları paytaxtdakı mehmanxanaların birində tapıb. Həmkarım söhbət üçün onlar arasında ən fəalını, 50 yaşlı Əsgər Səfipuru seçib. Vaxtilə futbolçu olan, ömrünün böyük hissəsini də tribunalarda keçirən həmsöhbət müsahibəyə həvəslə razılaşıb. 10 gün öncə Bakıya gəlib yoldaşları üçün bilet alan, onları təşkilatlandıran Əsgər bəy həm də musiqi adamıdır.
– “Traktorsazi”nin marşını oxumuşam. Həm azarkeş, həm sənətçiyəm. İndi də doğma “Qarabağ”ın oyununa baxmaq üçün yığışıb, gəldik. Bu oteldə 75 nəfərik. Sabah (söhbət dünən olub – müəl.) yenə gələn olacaq. Mənimlə gələnlərin demək olar, heç biri əvvəllər hansısa futbol matçı üçün bura gəlməyib. Amma “Fənərbağça”, “Qalatasaray” və başqa qardaş komandaların oyunlarında olmuşuq. Mən “Trabzonspor”un bir avrokubok matçına da getmişəm.
– Gələnlər hamısı Təbrizdəndir?
– Mən Təbrizdənəm, mənimlə birlikdə gələnlərin də əksəri tarixi paytaxtımızdandır. Sabah (bu gün) isə Tehranda yaşayan azərbaycanlılar gələcək.
– Nə qədər xərcə düşmüsüz?
– Hamı öz hesabına gəlib. Yol xərcinə, səhər yeməyi ilə birlikdə otel puluna hardasa 550 manat xərcləmişik. Yeməyə və s. əlavə xərclərimiz də olacaq. Təbrizdən avtobusla gəlmişik. Təəssüf ki, çox tez gəlib, bahalı, daha yaxşı yerlərə olan biletlərdən ala bilmədik. Hamımız 108-ci sektorda olacağıq.
– Əvvəllər Bakıda olmusuz?
– Olmuşam. Dəfələrlə. Amma futbol üçün ilk dəfə gəlirəm. Azərbaycan çox gözəldir. Bakının hər sabahı bir gün öncəkində daha gözəl olur. Dünya türklərinin gözü Təbrizdədir. Bu şəhərimiz də gözəldir, amma indi bir qədər durğunluqdur. Urmu gölü qurudulandan bu yana havası yaxşı deyil, nəfəsimiz kəsilir.
– Bilet əldə etmək çətin olmadı? “Qarabağ” yardım göstərdimi?
– Biletləri özümüz aldıq, “Qarabağ”a müraciət etmək ağlımızdan da keçmədi. Biz “Traktorsazi”nin oyunlarına da biletləri özümüz alırıq. Azarkeşin borcudur ki, bileti özü alsın, bu baxımdan komandaya müəyyən mənada dəstək olsun. Əvvəlki oyunlarında ola bilməmişik, amma hamısını televiziya, internet vasitəsi ilə izləyirik. Siz “Traktorsazi”ni necə izləyirsizsə, biz də “Qarabağ”ı o cür izləyirik.
– “Traktorsazi” ilə “Qarabağ” oynasa…
– Bərabər oynasalar, lap yaxşı, amma qarşılaşsalar, “Qarabağ” udar, çox güclüdür. Qurban Qurbanov komandanı çox irəli aparıb. İnşallah ayağımız düşərli olar.
– Azarkeşləriniz sıravi Təbriz sakinləridir?
– Mənimlə gələn insanlar müxtəlif təbəqələrin üzvləridir. Dövlət işində çalışan da var, jurnalist də, tacir də. Hamısı “Traktor” fanatlarıdır. İranda ilk idman musiqisini mən yazmışam. Azərbaycanda musiqi daha yaxşı inkişaf edib, amma İranda idman nəğmələri daha yaxşıdır. Futbol marşı gərək azarkeşlərin ürəyinə işləsin. “Traktorsazi”də belə görmüşük. “Qarabağ” üçün də marş yazmağı çox istəyirəm.
– Çoxdanın azarkeşisiz…
– “Traktor”un bütün oyunlarına gedirəm. Hətta Asiya kuboklarındakı matçlara da. Bu il komanda bir az zəifləyib, amma əsas odur ki, heyətin əsasını təbrizli uşaqlar təşkil edir. Əsas “11-liy”in 7 üzvü öz balamızdır. Qışda komanda gücləndiriləcək, bir neçə oyunçu alınacaq.
– Bakı olimpiya stadionunda şüarlarınız, plakatlarınız maraqlı olacaq…
– “Traktor”, “Qarabağ” bayraqları gətirmişik. Şüarlarımız olacaq. Amma 65 minlik stadionda 100 nəfərin şüarlarının necə effekt verəcəyini bilmirəm. Gərək digər tribunalar da bizə dəstək versin. Təbrizdə bizdə tribunaların yarısı “Yaşasın” deyər, yarısı “Azərbaycan” deyib şüarı davam etdirər. Burada ümumi ansambla uyğunlaşacağımızı, fəal olacağımızı deyə bilərəm. Tribuna liderlərimiz, amiqolarımız var və onlar azarkeşləri idarə edə bilərlər. Bizdə TTTT var – Təbrizli “Traktorsazi”nin Tifuzi Tərəfdarları. “Tifuzi” “tifozi” sozündəndi, yəni, ən çılğın fanatlarımızdılar, onların liderliyində 30-40 min azarkeşi bir şüar ətrafında birləşdirmək olar.
– “Qarabağ”dan fərqli olaraq, “Traktor” daxili çempionatda da dolu tribunalar önündə oynayır. Daimi anşlaqın səbəbi nədir?
– Ögey uşaq kimiyik. Bizim üçün Asiya oyunlarından vacibi ölkə çempionatıdır. “Traktor” daim hakimlərə qarşı da oynayır. Ona görə bütün oyunlarda tribunaları doldururuq. Bu matçlar bizim üçün birlik simvoludur.
– Ehtiyat etmirsiz ki, “Qarabağ”ın oyununa gəlmisiz və bu, İranda başqa cür qarşılanar?
– Biz gəlmişik ki, Avropa futbolunu yaxından izləyək. Bu haqda başqa nəsə demək istəmirəm. Həm də belə möhtəşəm stadionu, Bakını canlı görmək istədik.
– Milli komandamızı da izləyirsiz?
– Qurban Qurbanovun gəlişindən sonra daha çox izləyəcəyik. Millini dünya çempionatında görmək istəyirik.
– Sizinlə birlikdə azərbaycanlı məşhur futbolçuları, elə həmin Əli Daeini də Bakıda görmək istərdik.
– Əli Daei özünü qatıb farslara. Bu barədə başqa nəsə danışmaq istəmirəm.
– “Traktorsazi”də İran milli komandasına düşə biləcək futbolçular varmı?
– Olsa da götürməzlər. Ya Əli Daei kimi “dəyişməlidilər”, ya da dünya ulduzu olsalar da, yığma komandaya gedə bilməzlər.
– Təbrizdəki oyunlara Azərbaycandan gələn azarkeşlər olurmu?
– Azərbaycandan, xüsusilə Naxçıvandan çox gəlirlər, “Traktorsazi”yə birlikdə azarkeşlik edirik. Türkiyədən, hətta Çində uyğur türkləri gəlir. Hamımız qardaşıq və belə də olmalıdır.

Həmin kateqoriyadan