Tural Axundov: Oyunumuzu getdikcə yaxşılaşdıracağıq

Topaz premyer liqasında “Sumqayıt”a qarşı keçirilmiş ilk turda meydanda ən fəallardan biri Tural Axundov olub. Allsport.az saytı xəbər verir ki, 2 məhsuldar ötürmə ilə nəticəyə təsir göstərən müdafiəçi klubun rəsmi saytına müsahibə verib. O, “Qəbələ” ilə matçın “Dalğa arena”da olmasına rəğmən, azarkeşlərin komandanı həmişəki kimi dəstəkləyəcəyinə inandığını bildirib.

– “Sumqayıt”la oyundan sonra iki gün istirahət etdiniz. Artıq növbəti matça hazırlaşırsız. Əvvəlcə şənbə günü keçirilmiş görüşə nəzər salaq.
– Oyun bizim üçün çətin alınsa da, əsas qələbə qazanmaq idi. Şadam ki, buna nail olduq.

– Düzdür, üç xal qazanıldı, amma komandanın göstərdiyi oyun heç də birmənalı təsir bağışlamadı.
– Razıyam. Bunu həm biz futbolçular, həm də məşqçi deyir. Fikrimcə, səbəb psixoloji vəziyyətimizlə bağlı deyil. Ola bilsin, kimdəsə start həyəcanı oldu. Yenə deyirəm, əsas odur ki, məqsədimizə çatıb 3 xalı əldə etdik. Oyunumuzu getdikcə yaxşılaşdıracağıq.

– İki fərqli mövqedə çıxış etdiniz. Matça müdafiənin sağ cinahında başlasanız da, sonradan dayaq yarımmüdafiəçi zonasına göndərildiniz. Hansı mövqe sizin üçün daha rahatdır?
– Təbii ki, cinahda oynamaq daha rahatdır. Amma müasir futbolda hər bir futbolçu istənilən mövqedə oynamağa hazır olmalıdır. Zəmanə bunu tələb edir.

– Hesabınıza 2 məhsuldar ötürmə yazdırdınız…
– Bəli, karyeramda ilk dəfə bir oyunda 2 qol ötürməsi verdim. Əla bir hissdir. Hər futbolçu qol vurmaq istəsə də, həlledici ötürməni verməyin xüsusi bir ləzzəti var.

– “Qəbələ”yə qarşı oyundan nə gözləyə bilərik?
– Meydana qələbə üçün çıxacağıq. Topaz premyer liqasında ilk ev oyunumuz olacaq. Düzdür, görüşün “Bakcell Arena”da yox, Mərdəkanda – “Dalğa arena”da keçiriləcəyi bəlkə də azarkeşlərin sayına mənfi təsir edəcək. Bununla belə, inanıram ki, azarkeşlərimiz bizi həmişəki kimi dəstəkləyəcək. Biz onlara, onlar isə bizə inanmalıdır.

Həmin kateqoriyadan