Tural Bayramov qələbə sevincini KİV-lə bölüşdü

Peşəkar kikboksçumuzun döyüşü “Eurosport”un TOP-10-ğuna düşdü

Xəbər verdiyimiz kimi, Moldovada keçirilən K-1 üzrə King of Kings World böyük mükafat turnirində 75 kq-da ölkəmizi təmsil edən idmançımız Tural Bayramov yerli peşəkar kikboksçu Sergey Morariyə qalib gələrək, çempion kəmərinə sahib olub. Allsport.az saytı xəbər verir ki, bu gün bununla bağlı «Komfort İNN» mehmanxanasının iclas zalında mətbuat konfransı keçirildi.

Tədbirdə K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, “Best of the Best” promoşn qrupunun prezidenti Elnur Məmmədov, 3-qat dünya çempionu Tural Bayramov, Ziya Bayramov, məşqçilər – Rövşən Heybətov, Ruslan Musayev və idmançılar iştirak etdilər.

Öncə yarışdan hazırlanmış reportaj nümayiş olundu. Sonra toplantı iştirakçıları növbə ilə yarış barəsində danışdılar. Elnur Məmmədov qeyd etdi ki, yarışa maraq böyük olub. Moldovanın sabiq prezidenti Vladimir Voronin həmin şou-gecəsinə qatılması bunu əyani sübut edir: “Bu döyüşlər dünyanın 180 ölkəsində canlı yayımlanırdı. Turalın qalib gəldiyi döyüş “Eurosport” kanalının TOP-10-ğuna düşdü. Qələbədən sonra Turalın ətrafına azarkeş kütləsi yığıldı və biz onu itirdik. Döyüşdən sonra Voronin Turalı yanına dəvət etdi və onun şəninə tərif dedi”.

Tural Bayramov isə rəqibinin güclü olduğunu, döyüşə yaxşı hazırlaşdığını qeyd edib: “Rəqib gözlədiyimdən də yaxşı hazırlaşmışdı. Döyüşdən sonra məşq yoldaşları neçə aylardır onun bu döyüşə hazırlaşdığını bildirdilər. Mən həm texniki, həm taktiki, həm də psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdım. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirdim. Döyüş zamanı rəqibi əsəbləşdirdim və psixoloji cəhətdən onu üstələdim. O, döyüşdən əvvəl hazırlığımızı və əhval-ruhiyyəmizi görəndə artıq psixoloji cəhətdən məğlub olmuşdu. Rinqdə də həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən üstün oldum və qalib gəldim”.

Rövşən Heybətov kikboksçumuzun istedadlı olduğunu söylədi və bildirdi ki, Tural ona verilən tövsiyyələrin hamısını yerinə yetirib: “Hər rəqiblə eyni istiqamətdə döyüşmək olmaz. Biz Moldova idmançısının döyüşlərini izlədik və təhlil etdik. Onun taktikasına uyğun hərəkət etdik. Bu, Tural ilə il kişim idi. Bundan məmnunluq duyuram”.

Sonda tədbir iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırdılar.

Həmin kateqoriyadan