“Turan Tovuz”la Badri Kvaratsxeliyanın yolları ayrıldı

1-ci divizionda mübarizə aparan “Turan Tovuz “ baş məşqçisi Badri Kvaratsxeliya ilə yollarını ayırıb. Allsport.az saytı xəbər verir ki, ilk dövrənin başa çatmasından sonra klub rəhbərliyi ilə gələcək planların müzakirə olunmasından sonra gürcü mütəxəssis rəhbərlik qarşısında qış transfer dövründə 5-6 təcrübəli futbolçunun transfer edilməsini şərt kimi qoyub.

Bu isə klubun, yerli gənclərin yetişməsi, onların əsas və müvafiq yaş qrupları üzrə milli komandalara cəlb olunması strategiyasına uyğun gəlmədiyindən onunla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Bundan başqa, əsas komandanın məşqçilər korpusunda yer alan Kamal Ələkbərov və Arçil Qurtskaia da istefaya göndərilib.
Yerli mütəxəssislərlə danışıqlara başlayan klub rəhbərliyi yaxın müddətdə yeni baş məşqçinin adını açıqlamağı planlaşdırır. Məşqçilər korpusunun formalaşması da yeni baş məşqçiyə həvalə olunacaq.

Qeyd edək ki, ötən mövsümlə müqayisədə “Turan Tovuz”da yaş ortalaması olduqca aşağı düşüb. Bundan başqa 14, 15 yaşlı futbolçulara belə şans verilməklə yanaşı komandanın 5 üzvü müxtəlif yaş qrupları üzrə milli komandalara dəvət olunub.

Həmin kateqoriyadan