U-23 Avropa çempionatında Solmaz və Elmira bürünc medal qazandılar

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar. Millimiz  3 çəki dərəcəsində təmsil olunub.

53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında  bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Bolqarıstanlı həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və U-23 Avropa çempionatının bürünc medalına sahib olub.

63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə Rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Elmira Avropa çempionatını üçüncü sırada tamamlayıb və bürünc medal qazanıb.

Gənclər arasında dünya və Avropa çempionumuz Səbirə Əliyeva (75 kq) çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməlidir. Ancaq bu görüş də güləşçimiz üçün uğurlu alınmayıb. Səbirə çempionatı beşinci sırada tamamlayıb.

Məlumat üçün bildirək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.

Həmin kateqoriyadan