Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

(əvvəli “AFFA baş katibinin süni şəkildə, məqsədli yaratdığı görüntü. Məqsəd nədir?” başlıqlı yazıda)

AFFA-nın fəaliyyətində çox ciddi yanlışlıqlar var. Allsport.az saytı xəbər verir ki, baş katib Elxan Məmmədov qurumu şəxsi şirkəti kimi idarə edir. Halbuki maliyyənin əsas mənbəyi dövlət büdcəsi olduğundan dövlətin maraqları əsas götürülməlidir. 

Lakin qurumda daha çox şəxsi maraqlar ön plandadı, müəyyən işbaz dəstə formalaşdırılıb və böyük pullar o çevrədən kənara çıxmır. Bütün önəmli işlər Məmmədovun kadrlarının əlindədi. Qidalanmadan geyim/ləvazimat təminatına, menecer işlərindən stadionların qazonlarına qulluğa kimi hər şey bir qrupun əlindədir. 

Və ya başqa bir fakt: 2018-in yekunlarına görə bütün maliyyəsi AFFA-dan təmin olunan “Keşlə”yə 5,271 milyon manat vəsait ayrılıb. Klubun rəhbəri Zaur Axundova bu məbləğ kifayət etməyib və o, daha 468 min xərcləyib. Bu şəxs eyni zamanda futzal federasiyasının da prezidentidi və bu quruma da 493 min manat ayrılıb. Üstəlik, federasiyaya mənbəyi hesabatda rəsmən göstərilməyən daxili qaynaqlardan əlavə olaraq 141 600 manat əlavə edilib. Hesablayırıq və bəlli olur ki, təkcə Axundovun xərcləməsi üçün 6 373 600 manat ayrılıb. 

Dövlətin SOCAR vasitəsilə futbola 18 961 724 manat ayırdığını nəzərə alsaq, bu məbləğin 1/3-nin bir nəfərə ayrılması çox maraqlıdır . Ümumiyyətlə, AFFA-nın büdcəsinin 18 faizdən çoxunun yalnız Zaur bəyin rəhbərlik etdiyi qurumlara ayrılmasında məntiq nədi? Axı, bu şəxsin rəhbərlik etdiyi “Keşlə” son 2 mövsümdə premyer liqanı 8 komanda arasında 7-ci və 8-ci pillələrdə başa vurub, futzal millilərimiz isə 2019-da keçirdiyi 14 oyunun cəmi ikisində qalib gəlib, avrokuboklarda biabırçı nəticəyə imza atıb, ölkədə futzal çempionatı da həvəskar səviyyədədi. 

O zaman maraqlıdır: bu sevginin səbəbi nədir? Nəyə görə işbacarmaz bir şəxsə bu qədər geniş imkanlar yaradılır, məqsəd nədir? Yoxsa o məbləğin müəyyən bir qismi hansısa formada kimlərəsə çatır? Bəlkə araşdırılsın? 

Futbolinfo.az-ın məlumatına görə, 70 faizi dövlətin ayırdığı maliyyə hesabına formalaşan AFFA büdcəsinin qalan hissəsi də bu şəkildə bölüşdürülüb və müəyyən qruplara böyük tikələr verilib. Nəticə də bəllidir: ölkədə futbol kütləvi deyil, regionlar heç kimin yadına düşmür, uşaq futbolunda durum dözülməzdir, kadr hazırlığına real diqqət ayrılmır. Və bütün bu səriştəsizliyin, sistemsizliyin sonucunda millimizin Avropa çempionatının final mərhələsinə yüksəlməsini gözləyirik. İndiki idarəçilərlə bu arzunun dalınca qaçmağa dəyərmi? 

(davamı olacaq)

Həmin kateqoriyadan