Avropa liqası-2019-un finalı Bakıda keçiriləcək!

Xəbər verdiyimiz kimi, bu il fevralın 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək çempionlar və Avropa liqalarının final oyununun təşkili ilə bağlı Odlar yurdu namizədliyini irəli sürüb. Allsport.az saytı xəbər verir ki, ilkin mərhələdə UEFA 1 saylı yarışı qəbul etməyə 2 – Bakı olimpiya stadionu (Bakı, Azərbaycan) və “Estadio Metropolitano” (Madrid, İspaniya), Avropa liqasının həlledici oyununa ev sahibliyi etmək üçün 7 – Bakı olimpiya stadionu (Bakı, Azərbaycan), “Dinamo Arena” (Tbilisi, Gürcüstan), “Frankfurt Stadion” (Frankfurt, Almaniya), “Arena Stuttgart” (Ştutqart, Almaniya), “Hampden Park” (Qlazqo, Şotlandiya), “Estadio Ramon Sanchez Pizjuan” (Sevilya, İspaniya) və “Beşikdaş Arena” (İstanbul, Türkiyə) hazır olduğunu bildirib.

Prosedur qaydalarına uyğun olaraq, UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasına namizədliyini irəli sürmüş Milli Assosiasiyalara Sifariş kitabını təqdim etmək üçün iyunun 6-na qədər vaxt verib. Sifariş kitabını təqdim etmiş assosiasiyalardan UEFA Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionu və Estadio Metropolitanonun, UEFA Avropa Liqası üçünsə Bakı Olimpiya Stadionu, Ramon Sançes-Pisxuan və Beşiktaş Arenanın namizdəliyi qeydə alınıb.

Onu da xatırladaq ki, AFFA tərəfindən hər iki turnir üçün ayrı-ayrı Sifariş kitabı və videoçarx hazırlanıb. Sifariş kitabında müxtəlif mövzular əhatə olunub və final qarşılaşması niyə Bakıda keçirilməlidir – sualına aydınlıq gətirilib. Belə ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı-2012, futzal üzrə “dördlər finalı-2014”, UEFA U-17 Avropa çempionatı-2016 zamanı görülən işlər həm FİFA, həm də UEFA tərəfindən yüksək qiymətləndirilib. Ötən il qitə birinciliyinin açılış oyununda isə U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Bakı olimpiya stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib. Bu da ölkəmizdə kifayət qədər azarkeş bazasının varlığını, futbola marağın böyük olduğunu göstərir.

Eyni zamanda Sifariş kitabı hazırlanan zaman dövlət qurumları tərəfindən təminat məktubları alınıb və UEFA-ya təqdim edilib, otellər, yol infrastrukturu, hava limanı, məşq meydançaları, yarışı qəbul etməyə iddialı olan BOS haqda qitənin ali futbol qurumunun rəhbrəliyinə ətraflı məlumat verilib. Qeyd edilib ki, BOS qalib elan edilərsə, bu təkcə Azərbaycanda deyil, bölgədə futbola marağın atmasına təkan verəcək, yaxın ərzilərdə yerləşən ölkələrdən minlərlə azarkeş oyunu izləmək üçün Bakıya səfər edəcək.

Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub, UEFA və AFFA rəhbərliyinin görüşü keçirilib, icraiyyə komitəsinin namizəd stadionların imkanlarını obyektiv şəkildə araşdıracağına əminlik ifadə edilib.

Onu da qeyd edək ki, 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasını qəbul edəcək stadionların adları bu gün açıqlanıb. Qısa müddət ərzində istifadəyə verilməsinə baxmayaraq, Bakı Avropa oyunları və 4-cü İslam həmrəyliyi oyunları kimi böyük tədbirlərin açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmiş Bakı olimpiya stadionu 2 il sonra keçiriləcək Avropa liqasının final oyununu qəbul edəcək.

Həmin kateqoriyadan