UEFA “Qarabağ” – “Roma” matçı ilə bağlı statistik məlumatları açıqlayıb

UEFA-nın rəsmi saytı Çempionlar liqasının (ÇL) qrup mərhələsinin 2-ci turunda Azərbaycan çempionu “Qarabağ”ın Bakıda İtaliya “Roma”sına qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb. Allsport.az saytı xəbər verir ki, məqalədə Ağdam komandasının ÇL-in qrup mərhələsində ilk ev oyununa çıxacağı və “canavarlar”ın qitənin ən nüfuzlu klub turnirində səfər görüşlərindəo qədər də yaxşı nəticələr əldə edə biləmədikləri vurğulanıb.

“Qarabağ”

ÇL-də debüt matçında İngiltərədə “Çelsi”yə 0:6 hesabı ilə uduzan “Qarabağ” ev oyunlarındakı yaxşı göstəriciləri ilə öyünə bilər. Ağdam komandası avrokuboklarda öz meydanında keçirdiyi son 9 görüşdən yalnız 1-də uduzub. Azərbaycan təmsilçisi 2016-cı il dekabrın 8-də Avropa liqasının qrup mərhələsi matçında İtaliya “Fiorentina”sına məğlub olub – 1:2.

Azərbaycan klubu ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” buna Gürcüstan “Samtredia”sı (5:0, 1:0), Moldova “Şerif”i (0:0, 2:1) və Danimarka “Kopenhagen”ini (1:0, 1:2) mübarizədən kənarlaşdırmaqla nail olub.

“Qarabağ” İtaliya klublarına qarşı keçirdiyi 4 oyundan 3-də uduzub, 1-də heç-heçə edib. Bu komanda evdə “Fiorentina”ya yenilməklə bərabər, 2014/2015 mövsümündə Avropa Liqasının qrupunda “İnter”lə heç-heçə edib. Milanda rəqibinə 2 cavabsız qolla uduzan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv, İtaliyada “Fiorentina”ya böyük hesabla məğlub olub – 1:5.

Bu, “Qarabağ”ın ÇL-də 4-cü mövsümüdür. Azərbaycan komandası əvvəlki 3 mövsümdə III təsnifat mərhələsində uduzub.
Bakıda məskunlaşmış komanda 2016/2017 mövsümündə ardıcıl 3-cü mövsüm ÇL-də mübarizəni dayandırsa da, elə 3-cü dəfə Avropa Liqasının qrupuna düşüb. Buna rəğmən, Azərbaycan təmsilçisi heç vaxt 1/16 finala vəsiqə qazanmayıb.
“Qarabağ” 2016/2017 mövsümündə 5-ci dəfə Azərbaycan premyer liqasının qalibi olduqdan sonra ÇL-in qrupuna vəsiqə qazanıb.

“Roma”

Bu, “Roma”nın Azərbaycan klubuna qarşı ilk oyunudur. Paytaxt təmsilçisi ümumilikdə 10-cu, son 4 mövsümdə isə 3-cü dəfə ÇL-in qrupunda çıxış edəcək. İtaliyalılar ötən mövsüm ÇL-in “pley-off” mərhələsində Portuqaliya “Portu”suna uduzub (1:1, 0:3). Avropa Liqasında 1/8 finala qədər irəliləyən “Roma” burada iki oyunun nəticəsinə əsasən, Fransa “Lion”una məğlub olub – 4:5 (2:4, 2:1).

Yeni mövsümün ilk turunda İspaniyanın “Atletiko” komandası ilə qolsuz heç-heçə edən romalılar ÇL-də son 7 matçda qalib gələ bilməyiblər. Sonuncu qələbə 4 noyabr 2015-ci ildə Almaniya “Bayer”i ilə görüşdə olub – 3:2. Bu, həm də turnirdə son 16 görüşdə yeganə qalibiyyətdir.

“Roma” ötən mövsüm Avropa Liqasında 5 səfər oyunundan 2-də qalib gəlib. Lakin “sarı-qırmızılar” ÇL-də son 10 səfər qarşılaşmasından qələbəsiz ayrılıblar. 2009/2010 mövsümündə İsveçrədə “Bazel”lə görüşdə qazanılan 3:2 hesablı qələbə son 12 səfər matçında yeganə zəfərdir.

Məşqçi və futbolçu əlaqələri

Juan Jezus 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı məğlub edən “İnter”in heyətində yer alıb.
Stefan əl-Şaaravi Avropa Liqasının 2015/2016 mövsümündə “Qarabağ”la qarşılaşan (1:0, 1:1) Fransa “Monako”sunun heyətində hər iki görüşün iştirakçısı olub.

Əl-Şaaravi 2016-cı il dünya çempionatının seçmə qrup mərhələsində İtaliya yığmasının Bakıda Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdiyi görüşdə bir qol vurub.
Allesandro Florentsi 2016-cı il dünya çempionatının seçmə mərhələsində Palermoda Azərbaycanı 2:1 hesabı ilə yenən İtaliya yığmasının heyətində meydana çıxıb.

Report.az-ın məlumatına görə, “Qarabağ”ın ispaniyalı futbolçusu Miçel ilə “Roma”nın yunanıstanlı oyunçusu Kostas Manolas 2010/2011 mövsümündə Afina AEK-ində birgə çıxış ediblər.

Yığmalarda komanda yoldaşı olanlar

İbrahim Şehiç və Edin Ceko (Bosniya və Herseqovina)
Yakub Jezniçak və Lukaş Skorupski (Polşa)

Həmin kateqoriyadan