“Böyük uğurdan 3-4 il sonra dopinqdən istifadə ilə bağlı xəbər olimpiyaçının həyatı ilə oynamaqdır”

Macarıstan paytaxtı Budapeştdə Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, Azad Rəhimovun da qatıldığı konfransda “dopinq sahəsində son vaxtlar media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olan nöqsanların aradan qaldırılması üçün, dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində dövlətlərin görməli olduğu işləri, “Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi”, “WADA ilə yanaşı yeni Müstəqil Test Qurumunun yaradılması” və s. kimi bir sıra mühüm məsələlərin müzakirəsi aparılır.

Səfəri çərçivəsində nazir Azad Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, WADA prezidenti Graig Reedie ilə görüşlər keçirmiş və dopinq sahəsində mövcud vəziyyəti müzakirə etmişlər. Nazir eyni zamanda Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynadan olan həmkarları ilə görüşüb.

Konfrans zamanı Azad Rəhimovun da çıxışı olub. O, çıxışında dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar, Polşanın Anti-Dopinq agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat vermiş, eyni zamanda WADA –nın son iclasında Azərbaycan Anti-Dopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verilən qərara öz mənfi reaksiyasını bildirib:

“Əziz dostlar, idmançı illərlə olimpiya oyunlarına hazırlaşır. O bu oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Uğurdan 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alınamsı bildirirlir. Bu, idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyiq”.

Eyni zamanda, konfrans zamanı Avropa Şurasının İdman yarışlarının manipulyasiyasına dair Konvensiyasının həyata keçirilməsi, ratifikasiyası və xüsusilə Milli Platformanın yaradılması ilə bağlı ortaya çıxan çətinliklər və bunların aradan qaldırılması üçün Avropa Şurasının ölkələrə edə biləcəyi dəstək formaları ilə bağlı qarşılıqlı fikir mübadilələrinin də aparılması nəzərdə tutulub.

 

Həmin kateqoriyadan