“Ukrayna çempionatı indiki vəziyyətdə də Azərbaycan Premyer Liqasından güclüdür”

Luqanskın “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub Ukrayna və Azərbaycan çempiontlarını müqayisə edib. Allsport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

“Hiyləgərlik etməyəcəyəm. Ukrayna çempionatı hətta indiki vəziyyətində də Azərbaycan Premyer Liqasından güclüdür. Baxmayaraq ki, Azərbaycan klublarının əksərində olan infrastruktur Ukrayna komandalarının çoxunda yoxdur. Məsələn, “Qəbələ” kifayət qədər ciddi, iddialı klubdur. Onlar əbəs yerə ukraynalı mütəxəssis Roman Qriqorçuku baş məşqçi postuna təyin etməyiblər. Yaxşı şəraitləri var. Dörd təbii ot örtüklü, üstəlik sintetik örtüklü meydanlarını şəxsən görmüşəm. Üstəlik, böyük olmayan, amma kifayət qədər yaxşı stadionları var. Orada yaşayan futbolçular üçün də əla şərait yaradıblar. Beş ulduzlu oteldə qalırlar. Elə orada ailə üçün kotteclər də götürmək mümkündür. Bir sözlə, futbolçunun yaşayışla bağlı hər hansı problemi yoxdur. Üstəlik, maliyyə baxımından da hər şey ciddidir.

Onların nəticələrinə gəlincə, “Qəbələ” və “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış edirdi. “Qarabağ”a hətta qrupdan çıxmaq üçün azacıq nəsə çatmad. “Qəbələ” isə yarandığı gündən bəri Avroliqanın qrup mərhələsində oynamaqla ən yaxşı göstəricisinə imza atdı. Güclü qrupa düşmüşdülər. Dortmund “Borussiya”sı, PAOK kimi rəqiblərlə mübarizə aparırdılar. Nə qədər çətin olsa da, layiqli mübarizə apardılar. Bu, həm Azərbaycan futbolu, həm də “Qəbələ” üçün qiymətsiz təcrübə idi.

“Qəbələ”də oynayan oğlum Vitaliyə gəlincə, əlbəttə, uyğunlaşmağa çalışır. Bəzən oynayır, bəzən yox. Başqa ölkədən gələn futbolçuya uyğunlaşma üçün vaxt lazım olur. Fikrimcə, hər şey daha yaxşı olacaq. Onun atdığı addımları müzakirə etmirəm. Öz taleyi ilə bağlı qərarlarını özü verir. Oğlumla fəxr edirəm. O, əsl peşəkardır”.

Həmin kateqoriyadan