Usta karateçilərin də ölkə çempionatı başa çatıb

“Sərhədçi” Olimpiya İdman Mərkəzində usta karateçilər arasında 17-ci ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə baş tutub.

Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (hər ikisi – 67 kq), Məcid Əmirov (75 kq), Ayxan Mamayev (84 kq), Əli Cəfərov (+84 kq), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), Fəridə Əliyeva (+68 kq), katada Roman Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ümumi komanda hesabında “Qara Qaplan”, Mərkəzi Karate Məktəbi və “Çempion” İdman Klublarının yetirmələri ilk üçlükdə qərarlaşıblar. Yarışın mükafatçıları milli komandanın heyətinə cəlb olunaraq təlim-məşqlərə qatılacaqlar.

Yeniyetmə və gənc karateçilər fevralda ilk rəsmi yarışa – Sofiyada keçiriləcək Avropa çempionatına qatılacaqlar. Ustalar isə yanvarın 22-24-də Parisdə təşkil ediləcək Karate1 Premyer liqada mükafatlar uğrunda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan