Amal ABIŞOV
Vətənpərvərlik hissləri yuxulayanlar

AFFA-nın çox hörmətli baş katibi Elxan Məmmədov yenə danışıb. Və ağzından tökülən dürlü sözlərlə bizi dərindən düşünməyə vadar edib. Amma boşuna düşünmək də bizə yaraşan deyil. Düşündüksə, bir nəticəyə gəlməli və onu siz dəyərli oxucularımızla bölüşməliyik. Bilmirəm, cənab baş katib özü bizim yazdıqlarımızı oxumağa lütf edir, ya yox. Oxumasa belə, oxuyanları, daha doğrusu, oxumağa məsul olanları var. İstəsələr çatdırlarlar, istəməsələr canları sağ olsun. Biz yolumuza və işimizə davam edək.
İşimizin adı qaranlıqları aydınlatmaq, yalanları ifşa etmək, qapanmış gözləri açmaq, kar qulaqlara səsimizi çatdırmaq, yatmış vicdanları oyatmaqdı. Çətin bir məşğuliyyət seçdiyimizin fərqindəyik. Geriyə dönmək, yorulub dayanmaq, təslim olmaq bizim xarakterə yaddı. Ona görə də davam edəcəyik. Ömrümüzün vəfa edəcəyi, gözlərimizin görməyə, barmaqlarımızın klavyatura döyəcləməyə gücünün çatacağı qədər. Mətləbdən çox da uzaqlaşmayıb, qayıdaq cənab baş katibin sonuncu möhtəşəm açıqlamasına.

Bu dəfə o, ölkədən kənarda oynayan, Azərbaycan millisində çıxış etməkdən imtina edənlərdən danışıb. Təkcə danışmayıb, daha dərinə gedərək onları vətənpərvər olmamaqda suçlayıb. Bildirib ki, AFFA rəhbərliyi Ramil Şeydayev, Ayaz Quliyev və Rinat Dadaşovun çıxışını diqqət mərkəzində saxlayır, onların vətənpərvərlik hisslərinin oyanmasına ümid edirlər. Bu cür ehtiyatsız cümlələr özünü intelligent sayan bir futbol funksionerinə yaraşmaz. Qayıdıb adama deyərlər ki, siz özünüz Şeydayevdən, Quliyevdən, Dadaşovdan daha artıq vətənpərvər olduğunuzu necə isbatlaya bilərsiz? Hər üç şəxsin valideynlərinin Azərbaycanı tərk etmələri üçün səbəblərin olduğu şübhəsizdi. Biz cəmiyyət olaraq həmin səbəblərin aradan qaldırılması üçün çalışmalıyıq. Ondan sonra Ramilin, Ayazın və ya Rinatın millinin formasını geyinməsi üçün dilə tutulmasına ehtiyac da qalmayacaq.

Zamanında Nazim Süleymanov rusların təklifini geri çevirib Azərbaycana gəlib, vətəninin və bayrağının şərəfini qoruyub. Siz onun bu qəhrəmanlığının əvəzini necə verdiniz, cənab Məmmədov? Nazim bəyin 50 illik yubileyi şərəfinə Şimali Osetiyadan gələcək bir avtobus qonağın qarşısına çıxa, Vladiqafqazda azərbaycanlılara göstərilən diqqətini əvəzini verə bilmədik. Ölkədən xaricdə çempion olmağı bacarmış yeganə azərbaycanlının əsri yarılamasına göstərdiyiniz etinasız münasibət hamımızın gözünün önündədi. Bu boyda rəzalətdən sonra hansı üzlə Şeydayevlə Quliyevi vətənpərvər olmamaqda suçlaya bilirsiz? Şeydayevin, Səmədovun, Quliyevin və ya Dadaşovun yüksəldiyi səviyyə sizin inadla müdafiə etdiniz çürük fəlsəfəni darmadağın edir. Tarixi unutdurmusuz. AFFA-nın rəsmi saytında Azərbaycan futbolunun sizdən əvvəlki dövrüylə bağlı heç bir fakt yer almayıb. Millinin oyunlarıyla bağlı statistika 2003-cü ildən o yana keçmir. Azarkeşlərə Azərbaycan futbolunun tarixini unutdurmaqla nəyə nail olmaq istəyirsiz?

Yetişməkdə olan gəncliyi inandırmağa çalışırsız ki, azərbaycanlıdan heç vaxt futbolçu çıxmayıb, bizimkilər böyük uğurlar qazanmağı bacarmırlar. Ölkəmizin millisində uşaqdan tutmuş böyüyə kimi “milliləşdirilmiş” dağıstanlılar, ukraynalılar, Almaniyadan gətirilən kürdlər və farslar oynamalıdı. Millinin baş məşqçisi mütləq xarici olmalıdı. Əcnəbilərə sevginiz o həddə çatıb ki, nəzarətinizdə olan “CBC Sport” telekanalına baş direktoru belə xaricdən gətirirsiz. U-17-nin başına açdığınız oyunlardan, heyətin yarısına gəlmələri doldurub öz övladlarımızı futboldan və milli formadan küsdürəndən sonra da özünüzü vətənpərvər hesab etməyiniz, başqalarıyla ittiham tonunda danışmağınız çox qəribə görünür. Avropa çempionatının püşkatma mərasiminə zamanında qitə və dünya çempionu olan azərbaycanlılar Arif Əsədov, Vladislav Qədirov, Tərlan Əhmədov və Vəli Qasımovu çağırmağı lazım bilməmişdiz. Qorxurduz ki, xaricdən gələn qonaqlar bizimkilərin də top qovmağı bacardığından, SSRİ boyda nəhəng dövlətin seçmə komandasına düşə bilməsindən, boyunlarına qızıl medal asmasından xəbər tutarlar?

Futbolumuzun tarixi bu ölkədə istedadların yetişməsinin sübutudu. Rinatın, Ayazın, Ramilin indi xarici ölkələrin yığma komandasına seçilməsi dövrümüzdə də azərbaycanlıların arasından yüksək səviyyəli futbolçuların çıxa biləcəyindən xəbər verir. Bütün bu faktlar eyni zamanda AFFA-nın yeritdiyi siyasətin iflasının, uşaq futboluna münasibətdə düzgün davranmadığınızın, kütləvi surətdə legionerləşdirməyə aludə olmağınızın bəlaya çevrilməsinin aşkar göstəricisidi. Başınızı qaldırın, ətrafa diqqətlə baxın, əməllərinizi və sözlərinizi diqqətlə çək-çevir edin. Bilirəm, işinizi ehtiyatlı tutmusuz, sizdən hesabat tələb edənləri asanlıqla hipnoz edə, düzgün yolda olduğunuza inandıra bilirsiz. Heç olmasa, öz vicdanınıza hesabat verin. Ondan sonra qərar verin ki, vətənpərvər olmayan Rinat Dadaşovla Ramil Şeydayevdi, ya Elxan Məmmədov və onun yürütdüyü siyasətə baş əyən Təbriz Həsənov, Vaqif Sadıqov kimilər.

Öz vətənpərvərlik hisslərinizi yuxuya verib, Azərbaycandan uzaqda yaşayan, özlərinə karyera qurmağa çalışan, reallıqları görüb nəticə çıxaranların hisslərini oyatmağa çalışmayın. Çox gülünc görünürsüz!

“Futbol+”

Həmin kateqoriyadan