Vahid Nəzərov sərt danışdı: AAAF prezidenti Cahangir Əsgərov düzgün iş aparmır

Ağırlıqqaldırma millimizin 6 üzvü ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra dopinq yoxlamasından keçə bilməyib. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya 4 lisenziyanı qazanan komanda heyətinin bir-bir dopinqdə “ilişməsi” vəsiqələrimizi də sual altına alıb. Qafqazinfo.az bu məsələ ilə bağlı hazırda bu idman növündə beynəlxalq dərəcəli hakim olan Vahid Nəzərovun fikrini öyrənib. O, açıqlamasında dopinqə düşməyimizin səbəblərini açıqlayıb:

“6 idmançımız dopinq-testi müsbət nəticə verib: Silviya Angelova, Valentin Xristov, Quliyev Firudin, Zairov İntiqam, Dadaşbəyli Dadaş və Əliquluzadə Elxan. Uzun müddət ölkənin milli komandasının baş məşqçisi olmuşam və vitse-prezident işləmişəm. Amma indi bu məsələlərə görə kənarda dayanmışam. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov orda düzgün işlər aparmır, federasiyada hegemonluq edir.

2005-ci ildə Nizami Paşayev və Natiq Həsənovu dopinqə salmışdılar. Amma heç kim cəzalanmadı. Mən 5 dəfə Olimpiya oyunlarında iştirak etmişəm: 3 dəfə baş məşqçi, 2 dəfə isə hakim kimi. Mən Nizami Paşayevi 4 dəfə dünya çempionu etmişəm. 2009-cu ildə biz 48 ölkə arasında Avropa çempionatında 3-cü yeri tutduq. Orda milli komandanın üzvlərinin hamısı azərbaycanlılar idi. Amma indi legionerlərdi.

Legionerlər bura pula görə gəlirlər. Çoxu da dopinqə düşür. Yığmaya təcrübəsiz məşqçiləri gətirirlər, sonra da legionerləri. Həmin o əcnəbi idmançını gənc məşqçinin adına yazırlar ki, guya, onun məşqçisidir. Sonra gedir hansısa yarışda yer tutur, pul mükafatı qazanır. Həmin pulu aralarında bölürlər. Məhz elə bunun nəticəsidir ki, təcrübəsiz məşqçilər idmançılara nə dərman gəldi verirlər və onlar dopinqə düşür. Nəticə də göz abağındadı.

2010-cu ildə bolqarıstanlı olimpiya çempionu Yanko Rusevi baş məşqçi gətirdilər. Mən etirazımı bildirdim ki, hər olimpiya, dünya çempionu baş məşqçi ola bilməz. O da gəldi iki idmançımızı saldı dopinqə. Süleymanov Zülfüqar və Fətullayev Rüfət dopinqə ilişdilər. Sonra da qaçdı getdi. Onun yerinə 3 qat dünya çempionu Zoltan Vayneri gətirdilər. O isə 19 idmançını dopinqə saldı. Onlardan biri – Süleymanov Zülfüqar ömürlük idmandan məhrum oldu. Çünki ikinci dəfə idi bu vəziyyətə düşürdü. 18 nəfər də 2 il və 4 il olmaqla cəzalarını çəkdilər. Millimiz cəzalandı və dövlət 500 min dollar cərimə ödədi.

Kristina Yovu var idi. Ona 110 min pul verdilər ki, gəlsin milliyə. Gəldi və 1 dəfə dünya çempionu oldu. Amma sonra dopinqə düşdü və qaçdı, 110 min də batdı. Hazırda baş məşqçi polşalıdır. O, ölkəsində masajist idi. Çox yaxşı tanıyıram onu. Həmçinin Azərbaycanı dünya səviyyəli yarışlardan 2 il müddətinə məhrum etdilər. Cəriməni ödədik, sonra icazə verdilər.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının əsasnaməsində yazılıb ki, bir ölkədən 4 idmançı dopinqə düşərsə, həmin ölkənin federasiyası istefaya getməlidi. Buna misal, Türkiyə, Qazaxıstan, Ukrayna və s. var. Amma bizdə bunu heç kim etmir. Yenə də həmin mütəxəssislər ordadılar. 2 illik cəzadan sonra ilk dünya çempionatımız idi. Yarışda iştirak edən 6 idmançımız hamısı cəzalanıb. Artıq Olimpiya oyunlarına gedə bilməyəcəyik”.

Millimizin sabiq baş məşqçisi “B” yoxlanışının vaxtının artıq bitdiyini də deyib: ““B” yoxlanışının da vaxtı bitib. Nəticələr yəqin ki, yanvarın 5-dən sonra açıqlanacaq. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz İsmayılov deyir ki, guya, bu bizə qarşı təxribatdır. İdmançılar Azərbaycanda yoxlanıb yarışa gediblər. Necə olur ki, bütün ölkələrdən düşənlər var, bircə Azərbaycana qarşı təxribatdır. Amma yanvarın 5-də Azərbaycana qarşı sanskiyalar tətbiq olunacaq”.

Əməkdar hakimin sözünə görə, Gənclər və İdman Nazirliyinin tərkibində antidopinq bölməsi olsa da, onlar bu məsələlərlə maraqlanmırlar: “Ölkə prezidentinin sərəncamı var və Milli Məclis təsdiqləyib ki, dopinqə düşən idmançı ya 2000 manat cərimə olunur, ya da 2 il azadlıqdan məhrum edilir. Nazirlikdə bu bölmənin rəhbəri İradə Rüstəmzadədir. Amma heç birinə onlar əməl etmir. İndiyə qədər heç kim cəzalanmayıb. Sonda da nəticəsi belə olur. Bilirsiz ki, dopinq narkomaniya kimi bir şeydir. İdmançılara zərbə vurur”.

Həmin kateqoriyadan