Vaqif Cavadov rəsmən “Boluspor”da!

Azərbaycan yığmasının və Türkiyənin “Qaziantep BB” klubunun hücumçusu Vaqif Cavadov karyerasını yenə də qardaş ölkədə davam etdirəcək. Allsport.az xəbər verir ki, millimizin üzvü Antep təmsilçisini “Boluspor”a dəyişib.

“Qaziantep BB” rəhbərliyi futbolçumuzu saxlamaqda maraqlı olmadığından, Cavadov da digər PTT 1-ci liqa təmsilçisi “Boluspor”la danışıqlar aparırdı. Vaqifin bu klubla danışıqları müsbət yekunlaşıb. Nəticədə, futbolçumuz sabiq klubu ilə yollarını ayıraraq, Bolu təmsilçisi ilə anlaşıb. Amma tərəflərin konkret neçə illik müqavilə bağladığı bəlli deyil.

Futbolçu özü azerisport.az saytına açıqlamasında məlumatı təsdiqləyib: “Boluspor”la müqavilə imzaladım. Çox şadam ki, danışıqlarımız baş tutdu. Burada məni hər şey qane edir. Klub mənim bütün istəklərimi nəzərə aldı. Yeni komandama faydalı olmaq və əsas heyətdə oynamaq istəyirəm. “Qaziantep BB” klubuna gəlincə, çoxlu anlaşılmazlıqlar vardı. Buna görə də yollarımızı ayırmağa qərar verdik”.

Qeyd edək ki, Cavadov bu mövsümün ilk dövrəsini “Qaziantep BB” klubunda keçirib və 21 oyuna 3 qol vurub. Maraqlıdır ki, Vaqif həmin qollardan birini məhz “Boluspor”un qapısından keçirmişdi.

Həmin kateqoriyadan