Tahir SÜLEYMANOV
Artıq “top əli tapdı, əl topu tapdı” nağılları keçməyəcək…

Dünya çempionatında ilk dəfə olaraq VAR sistemi tətbiq edilir. Müsbət, mənfi tərəfləri var.
Uzun illərdi videotəkrarları FİFA, UEFA yaxına buraxmaq istəmirdi. Orada oturanlar heç kimdən ağıllı deyillər. Keyfiyyəti kənara qoyub kəmiyyət arxasınca qaçılırdı. Meydanda hakimlərin sayı artır, bir az da ictimai təzyiq görməsəydilər, hər futbolçunun yanına bir hakim təhkim edəcəkdilər. Hakim özbaşınalığının, ən yaxşı halda səhvlərinin qarşısının alınması üçün dünya futbol ictimaiyyətinin etirazına dözməyərək VAR yaradıldı…
İllərdi ekran qarşısında epizodları müzakirə edir, hakim səhvlərini obyektiv olaraq xalqa çatdırırdıq. Federasiyada oturanlara sərf etmirdi. Nəinki sərf etmir, bir çoxları 3-5 il öncəni görmək qabiliyyətində də deyillər.
Digər tərəfdən də şəxsi maraqlar, hakimlərin “alət” kimi istifadə olunması obyektivliyi arxa plana atırdı. “Top əli tapdı, əl topu tapdı”, “hakim də insandı, səhv edə bilər”, “əsas odur ki, qərəz olmasın” adıyla millət aldadılır, istədiklərini edir, “qara”nı “ağ” kimi göstərməyə çalışırdılar. O qədər çalışdılar ki, ağını çıxartdılar. Hətta təzyiqlər fonunda neçə-neçə futbol verilişi bağlatdırıldı. Azad, obyektiv, alternativ fikir beşikdə boğulurdu. Boğula-boğula futbolu da bataqlığa sürüklədilər…

Həyat inkişaf edir. Hər gün yeni-yeni texnologiyalar yaşayış tərzimizlə yanaşı futbolu da dəyişir. Köhnə təfəkkürlülər, məqsədlilər inkişafla ayaqlaşa bilmirlər, həyatda, futbolda “tormoz” rolunu oynayırlar.VAR, sizinlə varam deyərək, belələrini divara qısnayıb artıq…
Mundialda istifadə olunan videotəkrarlar bir çox hakimin hansı durumda olduğunu çılpaqlığı ilə açıb göstərir. Təsəvvür edin, ən yaxşılarının cəlb edildiyi dünya çempionatında hakimlik səviyyəsi budursa, görün ümumi vəziyyət nə yerdədir?!
VARa, varam deyilməməsi mümkün deyil. İllərdi səsləndirilən obyektiv fikirləri əyani olaraq təsdiqləyir. Neymarın simulyasiyasına penalti təyin edən yararsız baş hakim, VAR-n işə qarışmasından sonra ədaləti bərpa edir, baş hakim isə sonda braziliyalıya sarı vərəqəni göstərməyi unudur. VAR sistemi o qədər işə yarayıb ki, bacarıqsız hakimlər özlərini itiriblər. Adi epizodu seçə bilməyən baş hakim sarı kartı futbolçu ilə yanaşı özünə də göstərməli idi.
Çox acınacaqlı durum yaranıb. VAR sisteminə kritik anlarda baş hakimin özü müraciət etməlidir. Səriştəsizlik o həddə çatıb ki, “kabinet”də oturanlar hakimə obyektivlik naminə diqtə, məsləhət, müdaxilə etməyə məcbur olurlar. Bunu boyunlarına almaya bilərlər. Oyunlara baxarkən isə açıq-aşkar sezilir. Yoxsa qətiyyətlə penalti təyin edən hakim VARa niyə müraciət etsin ki, “baxın görün düz qərardı, ya yox”?! Əksinə, məcburi müdaxilədən sonra baş hakim güya ki, ekran qarşısına keçib epizoda yenidən baxır. Bu, sadəcə hakim biabırçılığını örtbastır etmək cəhdləridir. Buna görə də bir çox görüşlərdə hakimlərə inamsızlıq son həddə çatıb və hər dəfə VAR tələb edirlər. Az qalırlar hakimi itələyə-itələyə ekran qarşısına aparsınlar…

VAR sistemi özünü doğrultmaqdadır. Bəzi hallarda oyunun dinamikasına, baxımlılığına mane olsa da, günah sistemdə deyil, bir çox hakimlərin keyfiyyətsiz idarəçiliyindədir. Çox az sayda usta hakimlər öz idarəçiliyinə güvənir, psixoloji olaraq VARla əməkdaşlığa hazır olduqlarını meydanda göstərə bilirlər. Bacarıqsızlar isə dolaşır, “sınır”, meydanda baş çıxara bilmirlər və sistem məcbüriyyətdən hakimlər qarışıq görüşü idarə edir.
VAR sistemi futbolda inqilabdır, obyektivliyi bərpa etməkdədir. Artıq hakim əli ilə oyunun taleyinin həll olunması minimuma enir. Eyni zamanda hansı hakimlərin bacarıq, istedad sahibi olduğu dərhal üzə çıxır. Bu amil hakimlər arasında rəqabəti, keyfiyyəti mütləq artıracaq. Eyni zamanda hakimlərə nəzarət edənlərin işə münasibəti dəyişəcək. İstəməsələr də belə dəyişməyə məcburdurlar.
VAR sistemi futbolda “tormoz”, şəxsi mənafe güdənlər üzərində qələbədir. Ümumilikdə isə ictimaiyyət, jurnalist, azarkeş, futbolu düşünən mütəxəssislərin illərdi davam edən bacarıqsız vəzifə sahiblərinə birbaşa qırmızı vərəqəsidir.
Dünya çempionatı bitəcək, sonra ölkə çempionatı start götürəcək. VAR sisteminin faktiki və psixoloji qələbəsi fonunda başlayacaq nə başlayacaq. Artıq “top əli tapdı, əl topu tapdı” nağılları keçməyəcək…

Həmin kateqoriyadan