Velisipedçimiz Avropa çempionatında uğursuz çıxış edib

Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmiz keyrində Sergey Omelçenko ilə təmsil olunub. 32 idmançının iştirak etdiyi bu növdə qoşaçarxçımız 1-ci mərhələni uğurla dəf edib: o, Litva, Fransa, Niderland və Belarusdan olan həmkarları ilə eyni xətdə yer alıb və hamını qabaqlamaqla qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb.

Finala çıxmaqla medallar uğrunda mübarizə aparmaq üçün Sergey Omelçenkoya yarımfinal yürüşündə cəmi bir neçə sm çatmayıb. Polşa, İspaniya, Fransa, həmçinin Çexiyanın 2 idmançısı ilə mübarizənin yekununda ilk üçlükdən kənar qalan təmsilçimiz 4-cü olub və bununla da 7-12-ci yerlər uğrunda yarışmalı olub.

Son yürüşdə Böyük Britaniya və Çex Respublikası idmançılarından geri qalan, amma İspaniya və Yunanıstanın 2 velosipedçisini qabaqlayan Omelçenko bununla da Avropa çempionatını 9-cu pillədə başa vurmaqla aktivinə 300 reytinq balı yazıb. Qeyd edək ki, reytinq xalları idmançımıza gələn ay başlayacaq və 4 mərhələdən ibarət olacaq Dünya Kuboku yarışlarında iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Həmin kateqoriyadan