Velosiped idmanı üzrə ilk kütləvi yarışa 32 məktəbindən 200-dək şagird qatılıb

Velosiped idmanının məktəblilər arasında təbliğinə həsr olunan kütləvi tədbirlərinin rayondaxili mərhələsinə başlanılıb. Allsport.az saytı xəbər verir ki, Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışlara bu rayon üzrə 32 məktəbdən 200-dək şagird qatılıb. Yarışın nəticəsinə əsasən 29, 138 və 17 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ilk 3 yeri tutublar. Qaliblərə kubok və diplomlar təqdim olunub.

Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, Respublika Olimpiya Velosiped Məktəbi və Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılıqları ilə keçirilir.

İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə dörd mindən çox məktəblinin qatılacağı gözlənilir. Yarışlar Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2018-ci il iyunun 5-dən 9-dək Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.

Həmin kateqoriyadan