YAZI
Velosipedçilərimizin Rio keyfi

Rio-2016-da uğursuz çıxış edənlərin sırasında qoşaçarxçılarımız da oldu. Ötən olimpiadadan fərqli, bu dəfə velosiped idmanında daha çox, 3 nəfərlə təmsil olunduq. Bir olimpiyaçımız – Olqa İsmayılova iki proqramda çıxış etdi. Ukrayna əsilli qoşatəkərçi keyrində ilk raund mübarizəni dayındırdı, sprintdə 18-ci oldu. Digər qadın velosipedçimiz Yelena Pavluxina şossedə qrup yürüşündə 35-ci yeri tutdu. Braziliyaya böyük ümidlə yola saldığımız sprinter Maksim Averin heç finişə çatmadı.

Bu növün üzərində dayanmağım əbəs deyil. 2011-ci ildə vergilər naziri Fazil Məmmədov federasiyaya prezident seçildikdən sonra, veloidmana yeni nəfəs gəldi. Güclü komanda formalaşmağa başladı, beynəlxalq münasibələr quruldu, ölkəyə almaniyalı mütəxəssislər cəlb olundu, təlim-məşq toplanışlarının keçirilməsinə başlandı, ənənəvi «Tur de Azərbaycan» veloyürüşünün əsası qoyuldu, Şıx ərazisində böyük Velopark salındı və nəhayət, Sovet dövrünün son illərindən baxımsız qalan Velotrek müasir şəkildə yenidən qurularaq, velosiped ictimaiyyətinin xidmətinə verildi.

Yaxşı, bəs onda uğursuzluğa səbəb nədir? Cənab Məmmədov eyni zamanda güləş federasiyasının prezidentidir. Bahadırlarımızın parlaq qələbələri göz önündədir. Fazil bəy 2006-cı ildə AGF-in rəhbəri seçilərkən, eyni sistemi güləşdə də tətbiq etmişdi. Halbuki, göstərilən bu diqqət-qayğı, yaradılan infrastruktur heç SSRİ dövründə olmamışdı. Pəhləvanlarımızın olimpiya oyunları, dünya və Avropa çempionatlarında qazandıqları medallar saymaqla bitmir! Rio-2016-da sahibləndiyimiz 18 mükafatın tən yarısı güləşçilərimizin payına düşür.

Demək, velosiped idmanında çatışmazlıq icraçılıqdadır. Onlar federasiya rəhbərliyinin etimadını doğrutmurlar. Əgər məsələ Rioya gəzməkdən, «samba» rəqsindən gedirdisə, olmazdı ki, ora muzdlu qoşaçarxçılar deyil, elə özümüzünkülər yollanaydı? Məgər bizimkilər belə fərsizdirlər? Məndə olan bilgiyə görə, lisenziya marafonunda kişilərdə Maksim Averinin üzərində dayanılıb və bu yöndə Elçin Əsədova geri çəkilməyi tapşırıblar. Əminəm ki, azərbaycanlı velosipedçi Rio Oyunlarında mükafatçılar sırasına düşməsə də, finişə çatacaqdı, qənaətbəxş nəticə göstərəcəkdi.

Yoxsa, Yelena Pavluxina heç nə olmamış kimi, yürüşdən dərhal sonra litvalı həmkarı Dayva Tuşlayte ilə Praya Do Recreyo çimərlik sahilində yerli sitrus meyvəsindən dadıb, selfi çəkdirməz və şəklin altından bu sətirləri qeyd edilməzdi: «Rio de Janeyroda son günlərin keyfini çıxarmaq üçün, Azərbaycandan olan gözəl Yelena Pavluxina ilə kokos içkisi satılan məntəqələrə rahat sürmək olur».

Kamran HACI

Həmin kateqoriyadan